“Birgə təlimlər iki ordunun vahid gücə çevrilməsi baxımdan önəmlidir” – “Qardaş yumruğu” dəyərləndirməsi

 

"Birgə təlimlər iki ordunun vahid gücə çevrilməsi baxımdan önəmlidir" - "Qardaş yumruğu" dəyərləndirməsi

“Türkiyə-Azərbaycan ordusunun birgə təlimləri artıq adət halını alıb. Hər iki ölkə ordusu istər Türkiyədə, istər Azərbaycanda, istərsə də üçüncü bir ölkədə bir neçə dəfə ortaq təlimlər keçirib”.

Bu sözləri Globalinfo.az-a Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu Azərbaycanla Türkiyə arasında bağlanmış hərbi sahədə əməkdaşlıq haqqında sazişə əsasən keçirilən “Qardaş yumruğu” kod adlı Azərbaycan-Türkiyə birgə təlimləri haqda danışarkən deyib.

Onun sözlərinə görə, “Qardaş yumruğu” adlanan Azərbaycan-Türkiyə birgə təlimləri hər şeydən öncə iki ordunun vahid orduya çevrilməsi baxımdan önəmlidir:

“Təlimlərin keçirildiyi ərazilər onu deməyə əsas verir ki, təlimlər özlüyündə konkret mesaj ehtiva edir. Xüsusilə Araz çayı sahillərində keçirilməsi onu deməyə əsas verir ki, İrana açıq mesajdır.  Digər tərəfdən təlimin işğaldan azad edilən ərazilərdə də keçirilməsi öz növbəsində Ermənistana və Rusiyaya verilən ismarış sayıla bilər.

"Birgə təlimlər iki ordunun vahid gücə çevrilməsi baxımdan önəmlidir" - "Qardaş yumruğu" dəyərləndirməsi

Təlimlərdə hər iki ölkənin müdafiə nazirlərinin iştirak etməsi də tədbirin sadə olmadığını sübut edir. Ümumiyyətlə tarix boyu Cənubi Qafqazda siyasi proseslər gərgin olub. Bu gün isə bu gərginlik özünün pik həddinə çatıb. Hazırda regionda ordusu, diplomatik əlaqələri güclü olan ölkələr daha güclü sayılır. Biz bu gün qardaş Türkiyə ilə bu gücü nümayiş etdiririk. Hesab edirəm, bu təlimlər sonrası Azərbaycan üçün regional təhlükələr azalacaq”.

Ümid Partiyasının sədri İqbal Ağazadə isə qeyd edib ki, Türkiyə və Azərbaycan münasibətlərinin ən yüksək səviyyədə olmasını istəyirik:

“Təlimlər də bir daha göstərdi ki, Türkiyə və Azərbaycan hərbi müttəfiqliyində yeni bir mərhələ başlayıb. Prinsip etibarilə biz Şuşa Bəyannaməsinin imzalanmasından sonra bunun şahidi oluruq.

Hesab edirəm, bu gün iki ölkə arasında başda hərbi sahə olmaqla digər sahələrdə münasibətlər yüksək səviyyədə inkişaf edir.

Azərbaycan rəsmilərinin dəfələrlə səsləndirdiyi kimi, orduda Türkiyə hərbi idarəetmə formasına keçid edilir. Bu da təqdirəlayiq haldır.

Hesab edirəm, münasibətlər gələcəkdə konfederasiya səviyyəsinə keçəcək. İki ölkə arasında gömrük rüsumu da ləğv ediləcək”.

Hərbi ekspert Şair Ramaldanovun sözlərinə görə, Azərbaycanla Türkiyə arasında bağlanmış hərbi sahədə əməkdaşlıq haqqında sazişə əsasən iki ölkənin birgə təlimi keçirilir:

“Qardaş yumruğu” adlı təlimin keçirilməsi bu ilin hərbi planına uyğun olaraq keçirilir. Təlimlər bildiyiniz kimi Bakı şəhərini, eləcə də Astara, Cəbrayıl və İmişli rayonlarının ərazilərini əhatə edir.

"Birgə təlimlər iki ordunun vahid gücə çevrilməsi baxımdan önəmlidir" - "Qardaş yumruğu" dəyərləndirməsi

Təlimlərdə Türkiyə nümayəndələri də iştirak edib. Ümumiyyətlə mən deyərdim ki, irimiqyaslı təlimlərin əksəriyyəti Türkiyə ordusunun nümayəndələrinin iştirakı ilə keçirilir. Bu artıq ənənə halını alıb. Bu, həm də iki ölkənin peşəkar hərbi heyətinin qarşıya qoyulan tapşırıqları birgə yerinə yetirməsi üçün imkanlar yaradır. Bu dəfəki təlimlər əvvəlkilərdən fərqli olaraq daha geniş ərazini əhatə etdi.

Əlbəttə ki, müəyyən fikirlər səslənir ki, təlimlər kimə qarşı keçirildi? Azərbaycan müstəqil suveren ölkədir və harada təlim keçirməsini özü müəyyən edir. Bu mənada təlimlərin konkret ölkəyə qarşı olduğunu deməyi doğru yanaşma saymıram.

Bildiyiniz kimi, bir müddət öncə İran da Araz çayı boyunca sərhədlərimizə yaxın ərazilərdə hərbi təlimlər keçirdi. Məhz bu təlimlərdən bir müddət sonra bizim təlimlər keçirməyimiz belə düşüncələrə səbəb ola bilər. Təcrübə göstərir ki, ölkələr sərhəd ərazilərdə təlimlər keçirdikdən sonra sərhəd ölkə də buna cavab olaraq təlimlər keçirir. Burada heç bir qeyri-adi nəsə yoxdur“.

Turan Rzayev
Globalinfo.az