Türkiyə Cənubi Qafqaz oxunda: Ankara “atəş nöqtələrini” balanslaşdırır

“Azərbaycan 44 günlük müharibə ilə Ermənistanı məğlubiyyətə düçar etdikdən sonra Cənubi Qafqazın geosiyasi mənzərəsində fərqli prioritetlər meydana çıxdı”.

Bu sözləri Globalinfo.az-a siyasi şərhçi Aqşin Kərimov deyib.

Onun sözlərinə görə, yeni regional reallıqlar fonundakı aspektlər geostrateji tablo ilə bağlı:

“- Perspektivləri müəyyənləşdirir,

– Bunun digər bölgələrə təsir dairəsini ölçür, qarşılıqlı əlaqə ilə proseslər bir-birilə zəncirvari şəkildə bağlanır.

Nəzərdə tutmaq lazımdır ki, Cənubi Qafqaz regionundakı proseslər aktorların qüvvələr nisbəti üzrə bölgüsündə baş verən dəyişikliklərin müşayiəti ilə davam edir.

Bunun nəticəsində Türkiyənin regionda genişlənən təmsilçiliyi təhdidlərə qarşı yüksələn profil kimi əhəmiyyət qazanır. Bu mənada Türkiyənin Azərbaycanla strateji müttəfiqliyi dərin geosiyasi əhəmiyyət kəsb edərək qlobal təhdidlərin Cənubi Qafqazdakı təzahürlərinə qarşı müştərək müdafiə immunitetini formalaşdırır”.

Ekspert deyib ki, Türkiyənin Cənubi Qafqazdakı iştirakı, Bakı-Ankara münasibətləri fonunda getdikcə daha dərin özüllərə baş vurur:

“Beləcə, Türkiyə Azərbaycanla strateji əlaqələr fonunda regiona nəzarət yaratmaq məqsədlərini özünün xarici siyasətində aliləşən ideala çevirir. Ümumilikdə Türkiyənin regiondakı faktiki və səhnə arxasındakı təmsilçilik hüququ:

1. Ankara ilə Qərb arasında fikir ayrılıqları mövcud olsa da, NATO-nun genişlənməsinə töhfə verir,

2. Qərbin maraq göstərdiyi Gürcüstanı Rusiya təhdidlərindən qoruyur və Ankaranın bu hərəkətinə Azərbaycan da dəstək göstərir,

3. NATO-Rusiya-Çin qarşıdurmasının Qafqazdakı rəqabətini neytrallaşdırıraq geniş manevr sahəsi qazanır,

4. Rusiya ilə tərəfdaşlıq qismində şimaldan “əsən küləkləri” xəfiflədir,

5. İranın regional ambisiyalarını zəiflədən dəyər qazanır. Türkiyə regionda tək deyil, pərdəarxasında onun prioritetlərinə dəstək verən ölkələrdən biri Böyük Britaniyadır”.

A.Kərimov deyib ki, vaxtilə Azərbaycanın Britaniyadakı səfiri Elin Süleymanovun “Azərbaycanın atdığı addımlar Britaniyanın prioritetləri ilə üst-üstə düşür” mövqeyini ifadə etməsi həmin fikri gücləndirəcək arqument kimi istifadə edilə bilər:

“Çünki Azərbaycan strateji pəncərələri açarkən Türkiyə ilə razılaşdırılmış məqamları önə çəkir, bu məntiqlə Bakı-Ankara xətti Londonun ürəyincədir.

Qafqaz səhmlərində aktivlərini çoxaldan Türkiyə regionda böyük güclər arasında balanslaşdırıcı və çəkindirici akt kimi vacibdir.

Azərbaycan prosesləri, nəticələri Türkiyə ilə starateji məsləhətləşmələrlə təhlil edərək, regionda yaranan reallıqları nəzərə alaraq Hərbi Doktrina və Milli Təhlükəsizlik Konsepsiyasına dəyişiklik etmək çağırışını sürətlə icra etməlidir”.

Turan Rzayev
Globalinfo.az