Türkiyə müdafiə naziri Hulusi Akar, Rusiya müdafiə naziri Sergey Şoyqu və Suriya müdafiə naziri Əli Mahmud Abbas dünən Moskvada bir araya gəldi. Görüş hər nə qədər Suriya üzrə olsa da, bütövlükdə Yaxın Şərq, eləcə də bir çox geopolitik məsələləri əhatə edib.
Maraqlıdır, Moskva görüşü Cənubi Qafqaz da başda olmaqla, digər regionlar üçün nə vəd edir?
Mövzu ilə bağlı Globalinfo.az-a danışan siyasi şərhçi Kənan Novruzov xatırladıb ki, bir müddət əvvəl Türkiyə Silahlı Qüvvələri Suriya və İraqın şimalında hava əməliyyatlarına başlamışdı:
“Həmin vaxtdan bu yana Türkiyə ordusunun quru əməliyyatlarına start verməsi də gözlənilir. Türkiyəli rəsmilər, o cümlədən Prezident Rəcəb Tayyib Ərdoğan və Akar bu ehtimalı istisna etməyiblər.
Ankaranın Suriya və İraqda quru əməliyyatlarına başlaması Rusiyanın maraqlarına uyğun deyil, əksinə, Moskva bundan narahatdır. Çünki quru əməliyyatları Rusiyanın ərazidəki mövqelərinə zərbə ola bilər.
Türkiyənin əsas narahatlığı isə terror təhlükəsi ilə bağlıdır. Deməli, terrorçular ya Rusiya və Suriyanın birgə səyləri ilə regiondan çıxarılmalı, ya da Türkiyə quru əməliyyatlarına başlamalıdır”.
Ekspertin sözlərinə görə, indiki məqamda Moskva Ankaranın maraqlarını görməzdən gələ bilməz:
Birincisi, ona görə ki, Ukrayna ilə davam edən müharibədə Türkiyə neyral mövqe sərgiləyən, Rusiyaya təzyiq göstərməyən, sanksiyalara qoşulmayan nadir Avropa, yeganə NATO ölkəsidir.
İkincisi, tərəflərin mövqeləri bir sıra regionlarda, o cümlədən Cənubi Qafqazda toqquşur. Əgər Moskva Ankaranın təhlükəsizliklə bağlı qayğılarını nəzərə almasa, bu, gələcəkdə ikitərəfli münasibətlərə zərbə vura bilər.
Əlbəttə, ehtimal olunan quru əməliyyatını Suriya özü də istəmir. Çünki quru əməliyyatları hava əməliyyatlarından daha ciddi nəticələrə səbəb olacaq. Mehmetçik isə çoxdan özünü təsdiqləyib”.
Ekspert qeyd edib ki, terrorçuların Suriya və İraqdan tamamilə çıxması ağlabatan görünmür:
“Çünki məsələ daha dərindir: müxtəlif Qərb dövlətləri, o cümlədən ABŞ həmin terrroçular vasitəsilə Türkiyəyə təzyiq göstərməyə çalışırlar. Bu mənada antiterror əməliyyatı keçirilmədən Suriya və İraqın terrorçulardan təmizlənəcəyi ağlabatan deyil. Ona görə də fikrimcə, 2023-cü ilin ilk həftələrində Türkiyə Suriya və İraqda yeni əməliyyata başlayacaq”.
Turan Rzayev
Globalinfo.az