“Financial Times”in son hesabatında türk dövlətləri ilə bağlı qeyd olunan məqamlar diqqət çəkib. Hesabatda Mərkəzi Asiya ölkələrinin Rusiyanın “zəifliyindən” istifadə etdiyi və Türk Dövlətləri Təşkilatı kimi qruplara Moskvasız inteqrasiya etməyə çalışdıqları bildirilir.
Bu ölkələrin ingilis dilini rus dili əvəzinə ikinci dil kimi təbliğ etməyə başladıqları, Qərb təhsil standartlarını qəbul etdikləri və öz elitalarını Avropaya təhsil almağa göndərdikləri iddia olunur.
Həmçinin Mərkəzi Asiya ölkələrinə Moskvadan yan keçən qlobal bazarlara, nəqliyyat dəhlizlərinə və təchizat zəncirlərinə çıxışın təklif olunduğu qeyd edilir.
Adıçəkilən ölkələrin Rusiyaya yanaşmasının dəyişməsi nədən qaynaqlanır? Bu, Moskvaya necə təsir göstərəcək?
Globalinfo.az-a danışan politoloq Qədir Aslan deyib ki, Qərbin SSRİ dağıldıqdan sonra Mərkəzi Asiya ölkələrini Rusiyanın təsirindən çıxarmaq üçün müxtəlif layihələri olub:
“Hazırda geosiyasi vəziyyət buna daha uyğun olduğu üçün Qərb təsirini artıb. Fikrimcə, Çinin dünya bazarına genişmiyaslı nüfuzu proseslərə təsir edəcək. Mərkəzi Asiya ölkələri nə Qərbə, nə də Rusiyaya yönələcəklər. Onlar istiqaməti Çinə doğru dəyişəcəklər. Pekinin iqtisadi gücü, artan nüfuzu bu ölkələr üçün cəzbedicidir.

Qədir Aslan
Çin ayrı-ayrılıqda son illərdə həmin ölkələrlə strateji tərəfdaşlıq sazişləri imzalayıb. Bu, çox mühümdir. Çünki qeyd olunan proses iqtisadi əməkdaşlıqla paralel gedir.
Hazırda biz Mərkəzi Asiya ölkələrinin Rusiyaya, Qərbə inteqrasiyasından danışırıq, hətta “Financial Times” hesabatında bu iki qütbdən bəhs edilir. Amma Çin faktorunun adı çəkilmir. Pekin səssiz şəkildə regiona nüfuz edir, o ölkələri öz ətrafında bir araya gətirir”.
Turan Rzayev
Globalinfo.az














