Türk mütəxəssislər səhiyyə işçilərimizə təlim keçdi – FOTO

 

Azərbaycanda Milli Tibbi Xilasetmə Qrupuna (UMKE) oxşar strukturun yaradılması məqsədilə azərbaycanlı səhiyyə işçilərinə türkiyəli mütəxəssislər tərəfindən təlim verilir.

Globalinfo.az xəbər verir ki, 2021-ci il fevralın 9-da imzalanmış “Türkiyə-Azərbaycan İqtisadi Komissiyasının 9-cu İclası Protokoluna uyğun olaraq işləri davam edən Fəaliyyət Planının “Türkiyə Milli Tibbi Xilasetmə Qrupu ilə Fövqəladə Hallar Nazirliyi arasında əməkdaşlığa başlanılması” maddəsinə uyğun olaraq 72 azərbaycanlı səhiyyə işçisinə təlim keçirilir.

Təlimlər həm Azərbaycanda, həm də Türkiyədə eyni vaxtda təşkil edilir.

Fövqəladə Hallar Nazirliyi akademiyasının tədris mərkəzində təşkil edilən açılış proqramında akademiyanın prezidenti Baba Salayev, Türkiyə Respublikası Təcili Tibbi Yardım Baş İdarəsinin Fövqəladə Halların İdarə Edilməsi şöbəsinin müdiri Şükrü Yorulmaz və səhiyyə işçiləri iştirak ediblər.

Ş.Yorulmaz tədbirdəki çıxışında Türkiyənin tibbi xilasetmə sahəsindəki təcrübəsini dost və qardaş ölkələrlə bölüşməkdən məmnunluğunu ifadə edib.

Akademiyanın prezidenti Baba Salayev isə Türkiyənin təcrübəsinin vacib olduğunu bildirib və proqramın iştirakçıların bilik və bacarıqlarının inkişafına böyük töhfə verəcəyini vurğulayıb.

5 gün davam edəcək proqramda azərbaycanlı səhiyyə işçilərinə həm nəzəri, həm də praktiki təbii fəlakət və fövqəladə halların idarə edilməsi üzrə təlimlər veriləcək.