Türk dövlətləri Astanada fikir ayrılığına düşdü: ŞKTC ilə bağlı hansı məqam problem yaratdı?

Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Prezidenti Ərsin Tatar 3 noyabrda Qazaxıstanın paytaxtı Astanada keçirilən Türk Dövlətləri Təşkilatının toplantısında müşahidəçi statusunda iştirak etməli idi. Bununla bağlı aylar öncə razılıq var idi. Ancaq Ərsin Tatar Astanadakı zirvə toplantısına qatılmadı.

Bəzi ekspertlər hesab edir ki, Mərkəzi Asiya ölkələrinin və ya ev yiyəsi Qazaxıstanın bununla bağlı müsbət qərarı olmayıb. Halbuki Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Astanadakı çıxışında ŞKTC-nin Türk Dövlətləri Təşkilatına müşahidəçi və tamhüquqlu üzvlüyünün vacibliyi barədə fikrini təkrarladı.

Maraqlıdır, Ərsin Tatar 3 noyabrda Qazaxıstanın paytaxtı Astanada keçirilən Türk Dövlətləri Təşkilatının toplantısında iştirak etməməsinin səbəbi nədir?

Globalinfo.az-a danışan politoloq Qədir Aslan deyib ki, Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayevin ŞKTC-nin Türk Dövlətləri Təşkilatına müşahidəçi və tamhüquqlu üzvlüyü ilə bağlı konkret mövqeyi var:

Qədir Aslan

“Söhbət Tokayevin Rusiya Prezidenti Vladimir Putinə proksi dövlətləri tanımayacağı ilə bağlı dediyi sözlərdən gedir. Düzdür, o, həmin vaxtı ŞKTC adını çəkməsə də ümumi mənada separatizmi dəstəkləmədiyini deyib.

ŞKTC bütün hallarda separatçı deyil. Buradakı situasiya tamamilə fərqlidir. Lakin Türkiyədən başqa heç bir dövlət tərəfindən müstəqilliyi tanınmayıb.
Qazaxıstan prezidentinin mövqeyinə təsir edən əsas faktorlardan biri ölkəsinin yerləşdiyi coğrafi mövqeyidirsə digər səbəb də şübhəsiz Vatikanla olan əlaqələridir. Bundan başqa rəsmi Astana Çin ilə Rusiya arasında da balans siyasəti aparır.

Bu və digər faktorlar Qazaxıstanın ŞKTC ilə bağlı ehtiyatlı davranmağa gətirib çıxarır. O, ki qaldı Azərbaycanın bu məsələdə Türkiyə ilə ortaq hərəkət etməsinə, bu, anlaşılandır. İki ölkə arasında yüksək səviyyədə münasibətlər var. Bundan başqa Türkiyə Azərbaycanın müttəfiqi və strateji tərəfdaşıdır. Buna görə də ortaq maraqlar çərçivəsində hərəkət edirik.

Təəssüf ki, TDT daxilində tam bir vahid mövqe yoxdur. Xəzərin o tayında bu təşkilat bir cür bu taydan başqa cür görsənir”.

Turan Rzayev
Globalinfo.az