tramp turkiye scaled

“Türkiyədə keçirilən NATO zirvə toplantısı, son dövrlərdə dünyada baş verən hadisələr və yaranan vəziyyətlər səbəbindən əvvəlki zirvə toplantılarından daha çox əhəmiyyət daşıyır. Bu, təkcə NATO-ya üzv ölkələr üçün deyil, bütün dünya dövlətləri üçün olduqca vacib bir toplantıdır. Əlbəttə ki, Türkiyənin belə bir tədbirə ev sahibliyi etməsi bizim üçün şərəflidir”.

Bu fikirləri Globalinfo.az-a açıqlamasında ehtiyatda olan polkovnik və strategiya və təhlükəsizlik üzrə türkiyəli ekspert İbrahim Keleş deyib. Onun sözlərinə görə, hər bir ölkənin təhlükəsizlik anlayışı 10 il əvvəlkindən çox fərqlənir:

“NATO müdafiə təşkilatı olsa da, Rusiya-Ukrayna müharibəsi, cənubumuzda İran-İsrail-ABŞ münaqişəsi, Fələstində yaşananlar və dünyanın bir çox yerindəki proseslər bu görüşü daha da dəyərli edir. Bu toplantı üçün nəzərə alınmalı bir neçə əsas məqam var. Bu görüşdə NATO kontekstində nələrin baş verəcəyini hamımız az-çox gördük. Yenilənmə və təhdidlərin qiymətləndirilməsi mərhələsində olan NATO-nun yeni vəzifələri ortaya çıxacaq. Bunlar bütün NATO üzvü ölkələrini birbaşa maraqlandıran məsələlərdir.

Lakin, Türkiyənin nöqteyi-nəzərindən Prezident Donald Trampın şəxsi səfəri və prezidentimiz Rəcəb Tayyib Ərdoğanla görüşü Türkiyə üçün tamamilə fərqli bir irəliləyişə işarə edir. Bir çox məsələlərdə ABŞ ilə razılaşmalar əldə etsək də, təəssüf ki, müəyyən sahələrdə hələ də bəzi problemlərimiz var. Bunlardan biri də F-16-ların modernləşdirilməsidir. Yenə də bizə F-35 qırıcı təyyarələrinin tədarükü məsələsi və Türkiyəyə tətbiq edilən CAATS sanksiyaları. Bu üç məsələ ABŞ ilə birbaşa təmas qurmalı və danışıqlar aparmalı olduğumuz məsələlərdir”.

İ.Keleş bildirib ki, xüsusilə NATO-nun yenilənməsi gündəmdə olduğu bir vaxtda, ABŞ Sakit okean bölgəsini, yəni Çin və Cənubi Asiyanı özü üçün prioritet sahə kimi görür:

“Buna görə də, bölgədə, xüsusən də Yaxın Şərqdə gərginliyin azaldılması və sabitliyə nail olmaq Amerika üçün prioritetdir. Çünki bunlar maneələrdir. Eynilə, UkraynaRusiya münaqişəsi də həll edilməli olan digər bir problemdir və Amerika bu iki məsələni həll etdikdən sonra Sakit okean bölgəsinə diqqət yetirəcəyini göstərir.

Lakin hər kəs görür ki, tarixən NATO-nun cənub cinahı olan Türkiyə indi təkcə cənub cinah ölkəsi kimi deyil, həm də regional güc kimi yüksəlir. Türkiyə xüsusən də müdafiə sənayesində irəliləyişləri sayəsində ciddi bir istehsal gücünə nail olub. Lakin bu mərhələlərdə hələ uzun bir yol qət edilməlidir”.

WhatsApp Image 2026 04 16 at 09.21.20 1

İbrahim Keleş

Ekspert qeyd edib ki, keçid prosesində Türkiyənin də öz həllini gözləyən bəzi problemləri var:

“F-35-lər istehsal mərhələsinə çatmamışdan əvvəl bir konsorsium yaradıldı və Türkiyə bu konsorsiumdakı 9 ölkədən biri idi. Və biz xüsusilə F-35-lərin gövdə hissəsini Türkiyədə istehsal edirdik. Lakin Rusiyadan S-400 müdafiə sistemlərini aldıqdan sonra Amerika düşmən ölkələrə tətbiq olunan CAATSA sanksiyalarını bizə də tətbiq etdi. Təəssüf ki, biz nəinki F-35 proqramından çıxdıq, həm də pulunu ödəyib aldığımız F-35-ləri də bizə vermədilər.

Hazırda təcili ehtiyac duyduğumuz 5-ci nəsil qırıcı təyyarəmiz Kaan-ın mühərrikində problem var. Bunu özümüz istehsal etməyə çalışırıq. Ümid edirik ki, yaxın illərdə öz mühərriklərimizlə çalışan təyyarələrimiz səmaya qalxacaq. Lakin bu mərhələdə bölgədə ekspansionist siyasət yürüdən İsrail və onunla birlikdə hərəkət edən Yunanıstan və Kipr Rum administrasiyası hava üstünlüyü baxımından irəlidədir. İsrailin F-35-ləri var. Yunanıstanın əlində isə bizə verilməmiş F-16 Block 70-lər (dünyanın ən qabaqcıl 4.5 nəsil döyüş təyyarəsi, -red). Və qüvvələr balansında bizim əleyhimizə bir vəziyyət var. Türkiyə bu boşluğu aradan qaldırmaq üçün F-16-ların modernləşdirilməsini tələb etmişdi. Kaan təyyarələrimizdə istifadə ediləcək F-110 mühərriklərini və F-35-lərin yenidən satılmasını tələb etmişdik. Bundan əlavə, Prezident Tramp ötən həftə bir jurnalistin sualına cavab olaraq Türkiyəyə gedərkən özü ilə hədiyyə də aparacağını qeyd etmişdi. Bu hədiyyə, ehtimal ki, üçündən biri – təyyarə mühərrikləri, F-35-lər və CAATSA sanksiyalarının ləğvi və ya hamısı ola bilər. Türkiyənin buna ehtiyacı var. Lakin, əgər bu baş verməsə, Türkiyə bu çatışmazlığı tamamilə olmasa da, kompensasiya etmək üçün digər alternativlərdən faydalanacaq.

Bu NATO zirvə görüşündə Türkiyə üçün xüsusi maraq doğuran məsələlər arasında NATO-nun yenilənməsi, Türkiyəyə həvalə ediləcək vəzifələr və müdafiə sənayesi məhsullarının Avropaya ixracı yer alır. Lakin qeyd etdiyimiz kimi, Türkiyəyə F-35-lərin satışı, F-35 proqramına yenidən daxil olmağımız, təyyarə mühərrikləri və CAATSA sanksiyalarının ləğvi də maraq doğurur. Düşünürəm ki, bu sahələrdə də müsbət irəliləyişlər olacaq”.

Gülnar Səlimova
Globalinfo.az
İstanbul

Paylaş: