Tramp Zelenskini “dünyanın ən yaxşı taciri” adlandırdı

ABŞ-də keçiriləcək Prezident seçkilərində namizəd olan amerikalı milyarder Donald Tramp Ukrayna Prezidenti Volodimir Zelenskini yenidən “dünyanın ən yaxşı taciri” adlandırıb və seçkidə qalib gələrsə, Ukraynaya “çoxmilyardlı ödənişlər”i dayandıracağını vəd edib.

Globalinfo.az xəbər verir ki, bu barədə ABŞ-nin keçmiş prezidenti Detroytda tərəfdarları qarşısında keçirilən mitinqdə çıxış edərkən deyib.

“Zelenski hər dəfə ölkəmizə gələndə buranı 60 milyard dollarla tərk edir. Sonra isə vətəninə qayıdır və daha 60 milyard dollara ehtiyacı olduğunu bildirir”, – Tramp bildirib.

Xatırladaq ki, yenidən ABŞ prezidentliyinə can atan Tramp Ağ Evə qayıdarsa, Ukraynadakı münaqişəni dayandıra biləcəyini dəfələrlə bəyan edib.