Dünya nizamı dəyişir: kritik tarixə az qaldı – Azərbaycanı nə gözləyir?

ABŞ-da prezident seçkilərinə az qalıb. Keçmiş prezident və Respublikaçılar Partiyasının namizədi Donald Trampın yenidən seçilmək şansı yüksək qiymətləndirilir. Trampın qələbə qazanmasını təkcə ABŞ ictimaiyyəti deyil, bir sıra dövlətlər də istəyir. Onun Rusiya Prezidenti Vladimir Putin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla yaxşı münasibətlərinin olması sirr deyil.

Bəzi ekspertlər iddia edirlər ki, Donald Trampın yenidən ABŞ prezidenti seçilməsi Azərbaycanın da maraqlarına uyğundur. Həmçinin Trampın yenidən seçiləcəyi təqdirdə Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi imzalana bilər.

Maraqlıdır, Trampın ABŞ prezidenti seçilməsi sülh prosesini sürətləndirə bilərmi?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan siyasi şərhçi Əli Zülfüqaroğlu deyib ki, bu il Amerika Birləşmiş Ştatlarında baş tutacaq prezident seçkiləri bütün dünyanın diqqət mərkəzindədir, çünki nəticə həm də yeni dünya düzəninin formalaşmasında ciddi rol oynayacaq:

“Tarixdə bir neçə prezident olub ki, Amerikanın Mərkəzi Bankı hesab etdiyimiz, əslində, müstəqil quruluş olan və dünyanın maliyyə sisteminə yön verən FED-ə qarşı çıxıb. Buna Kennedi və Trampı misal göstərə bilərik. Kennedi öldürüldü, Tramp isə devrildi. Hazırkı prezident Bayden FED-in kuklasıdır və əmrlərini icra edir. Trampın arxasında isə hərbi sənaye kompleksi və seçkidə mühüm potensiala malik olan dini cərəyanlar, lobbi təşkilatları var”.

Əli Zülfüqaroğlu

Ekspert deyib ki, bu gün ABŞ-ın daxilində və dünyanın hər yerində baş verən qanlı olaylar, toqquşmalar, xaos FED mərkəzli dollar imperiyasının, yəni soyğunçu faiz sisteminin çöküş mərhələsinə qədəm qoymasının nəticəsidir:

“Dünya hakimiyyətini itirmək istəməyən qlobal maliyyə təsisatları hər yerdə xaos, hərbi toqquşmalar və digər anormal vəziyyətlər yaratmaqla özlərinin kontrolunda olan yeni sistemə keçmək və dövlətləri buna məcbur etmək istəyirlər. Amma buna qarşı olan dövlətlər yeni ittifaqların təməllərini atıblar və finans imperializminə qarşı savaş həm də dünyanın qurtuluşu, əmin-amanlıq və sosial rifah deməkdir. Hazırda ABŞ-ı idarə edən FED ən çox Avrasiya İqtisadi İttifaqından və BRİKS-dən ehtiyat edir. Avrasiyada kifayət qədər neft və qaz ehtiyatı olan dövlətlərin birliyi şeytani petrodollar soyğun sisteminin sonunu gətirəcək amillərdəndir. Məhz buna görə Qazaxıstanda xaosa cəhd edildi, Ukrayna savaşı başladıldı. Aralıq dənizində, Tayvanda, Cənubi Qafqazda və dünyanın müxtəlif yerlərində münaqişə ocaqlarının yaradılması planları eyni ssenarinin tərkib hissəsidir”.

Ə.Zülfüqaroğlu deyib ki, Trampın reytinqi çox yüksəkdir, fors-major hadisələr baş verməsə, o, yenidən prezident seçiləcək:

“Tramp prezident seçiləcəyi təqdirdə Ukrayna müharibəsi dayandırılacaq. Makronun hakimiyyətdən getməsi üçün hər şey ediləcək. Eyni zamanda Avropa İttifaqının dağılma prosesi sürətlənəcək. Bayden, Makron, Zelenski, Miçotakis kimi kukla funskiyası daşıyan Paşinyan üçün də problemlər yaranacaq. Yəni Trampın hakimiyyətə gəlməsi təkcə Azərbaycan, yaxud Türkiyə və Rusiya üçün deyil, bütün dünya üçün xüsusi əhəmiyyət daşıyır”.

Turan Rzayev
Globalinfo.az