1752573665 tramp azerbaycan 900x506 1

İranda baş verən son hadisələr və iqtisadi gərginlik region ölkələri, o cümlədən Azərbaycan üçün mümkün təsirlərlə bağlı müzakirələri gündəmə gətirib. Paytaxt bazarları və topdansatış mərkəzlərində bu ölkədən idxal olunan məhsulların qiymətləri diqqətlə izlənilir. 

İrandan Azərbaycana hansı məhsullar gətirilir? Qonşu ölkədəki etirazlar idxal və ixrac məsələlərinə necə təsir edəcək?

Globalinfo.az-a danışan iqtisadçı Natiq Cəfərli deyib ki, İranla Azərbaycan arasında ticarət dövriyyəsi ötən il təxminən 450-500 milyon dollar civarında olub:

“Bu dövriyyədə əsas pay idxala aiddir. Azərbaycanın İrana ixracı böyük deyil və təqribən 50 milyon dollar səviyyəsindədir. İrandan idxal olunan məhsullar əsasən kənd təsərrüfatı və ərzaq məhsulları, məişət kimyası vasitələri, eləcə də tikinti materiallarıdır. Hazırkı etirazlar hələlik bazardan İran məhsullarının çəkilməsinə səbəb olmayıb, ticarət əlaqələri davam edir. Lakin proseslərin bundan sonra hansı istiqamətdə inkişaf edəcəyi mühüm əhəmiyyət daşıyır”.

natiq ceferli real 2

Natiq Cəfərli

İqtisadçı bildirib ki, hadisələrin miqyası və gedişatı ticarət münasibətlərinə birbaşa təsir göstərə bilər:

“Bu anlamda ABŞ Prezidenti Donald Trampın dünən verdiyi qərar da diqqət çəkir. Belə ki, İranla ticarət edən ölkələrə qarşı ABŞ-la ticarətdə 25 faiz əlavə rüsumun tətbiq olunacağı açıqlanıb. Bu qərar da müəyyən təsirlər yarada bilər. Azərbaycan əlavə rüsumların tətbiqində maraqlı deyil. Ona görə də bu vəziyyət ticarət əlaqələrinin zəifləməsinə və müəyyən çətinliklərin yaranmasına yol aça bilər. Bütün hallarda hələ ki, İran məhsulları Azərbaycana daxil olmağa davam edir. Qonşu ölkədə yaşananların hansı mərhələyə qədər çatacağı, sistem dəyişikliyinə səbəb olub-olmayacağı və daxili proseslərin necə inkişaf edəcəyi gələcəkdə Tehran-Bakı münasibətlərinə və ticarət dövriyyəsinə təsirsiz ötüşməyəcək”.

Xatırladaq ki, yanvarın 12-də ABŞ Prezidenti Donald Tramp İranla əməkdaşlıq edən bütün ölkələrə qarşı 25 faiz həcmində gömrük rüsumlarının tətbiq olunacağını bəyan edib. O vurğulayıb ki, qərar dərhal qüvvəyə minir.

Ləman İmran
Globalinfo.az

Paylaş: