Tovuzda baş verən dəhşətli qəzada ağır xəsarət alan yeniyetmə Gəncədə yerləşən xəstəxanada ölüb.
Globalinfo.az APA-ya istinadən bildirir ki, iki avtomobilin toqquşması zamanı xəsarət alan 13 yaşlı Zaur Həsənovun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, ağır yol-nəqliyyat hadisəsi gecə saatlarında Bakı-Qazax avtomagistralının Tovuz rayonundan keçən hissəsində qeydə alınıb. Belə ki hərəkətdə olan “Mercedes” ilə “VAZ 2106 ” markalı minik maşınları toqquşub. Qəza zamanı 5-i hərbiçi olmaqla 6 nəfər hadisə yerində ölüb.
Artıq ağır qəza ilə bağlı cinayət işi açılıb.
***10:29
Tovuz rayonunun Ceyrançöl adlanan ərazisində ötən gün axşam saatlarında altı nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsində xəsarət alan şəxsin son vəziyyəti məlum olub.
Globalinfo.az-ın xəbərinə görə, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Oxu.Az-ın sorğusuna cavab olaraq verilən məlumatda bildirilir ki, xəsarət alan şəxs hazırda süni tənəffüs aparatına qoşulub.
Qeyd olunub ki, 27 noyabr tarixində baş vermiş ağır yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 2011-ci il təvəllüdlü yeniyetmə (kişi cinsli) saat 20:40 radələrində aqonal vəziyyətdə Tovuz Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
“Başın, döş qəfəsinin, bədənin müxtəlif nahiyələrinin qapalı və açıq zədələnməsi diaqnozu qoyulub və zəruri tibbi yardım göstərilib.
Pasiyent ixtisaslı tibbi xidmət üçün Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxanaya təxliyə olunub. Hazırda müalicəsi Reanimasiya şöbəsində davam etdirilir, süni tənəffüs aparatına qoşulub, vəziyyəti ağırdır”, – deyə məlumatda bildirilir.














