Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev “C5+1” əməkdaşlıq formatı çərçivəsində TRIPP-in Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutuna (TXBNM, Orta Dəhliz) inteqrasiyasını müzakirə etməyi təklif edib.
Globalinfo.az “Report”a istinadən xəbər verir ki, bu barədə Tokayev Avazada Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşündə bildirib.
“Hesab edirəm ki, TRIPP nəqliyyat təşəbbüsünün Orta Dəhlizə inteqrasiyasını hələ ki ekspert səviyyəsində müzakirə etmək olardı, bu, TBNM-in mövcud potensialını genişləndirərdi. Bu, bütün dövlətlərimizin uzunmüddətli maraqlarına cavab verir”, – o qeyd edib.
K.Tokayev vurğulayıb ki, Qazaxıstan Transxəzər marşrutunun inkişafına xüsusi əhəmiyyət verir, çünki son illərin dinamikası onun artan tələbatını əyani şəkildə göstərir.
Qazaxıstan Prezidenti bildirib ki, Dünya Bankının qiymətləndirmələrinə görə, qarşıya qoyulan bütün infrastruktur vəzifələri yerinə yetirilərsə, 2040-cı ilə qədər Xəzərdən keçən yük axını dörd dəfə arta bilər.