Ermənistanın son addımları bölgədə gərginliyi pik həddə çatdırıb. Rəsmi İrəvanın Azərbaycanla sərhədə zirehli texnika yığması hərbi toqquşmaların başlaya biləcəyi haqda proqnozları artırır.
Bu işlərin arxasında Qərbin dayanması gözardı edilmir. Aİ-nin, ABŞ-ın İrəvana açıq hərbi-siyasi dəstəyi Ermənistanı daha da cəsarətləndirir.
Artıq Qərbin Azərbaycandakı təsir agentləri ictimai rəyə bəzi yanlış tezislər ötürür. Onlar deyirlər ki, Azərbaycan Rusiyanın təhriki ilə Zəngəzura müdaxilə edəcək, sonra həmin ərazilər Kremlin nəzarətinə keçəcək.
Globalinfo.az-a danışan politoloq, sabiq xarici işlər naziri Tofiq Zülfüqarov deyib ki, bu kimi iddialar tez-tez gündəmə gəlir, amma reallığı əks etdirmir:
“Ümumiyyətlə, Qərb Ermənistana iqtisadi, siyasi dəstək verir. Lakin Ermənistana hərbi kontingent yerləşdirə bilmir. Çünki bu gün Ermənistan ordusunun 70 faizə yaxını Rusiyanın nəzarətindədir. Yəni Ermənistan rus hərbçilərini ölkədən çıxarsa da, bu, Kremlin təsirini azaltmayacaq”.
T.Zülfüqarov qeyd edib ki, Qərb Ermənistanda hərbi varlığını artırmaq üçün stereotiplər yaratmağa çalışır:
“Yəni əsas olmalıdır ki, Qərb hərbi kontingenti Ermənistana yerləşdirilə bilsin. Bunun üçün isə süni gərginlik yaradılır. Qeyd edilən iddia məntiqlə uymur. Azərbaycanın müharibə etmək kimi bir niyyəti yoxdur. Bu sadəcə təqdim edilməyə çalışılan fondur”.
Turan Rzayev
Globalinfo.az














