“Tərtər işi”nin sirli tərəfləri – Tanınmış generallar kənarda tutulur?

“Tərtər işi” davam etdiyi bir vaxtda yeni suallar ortaya çıxır. Xüsusən yüksəkrütbəli hərbçilərin, məmurların məhkəməyə çağırılmaması birmənalı qarşılanmır. Bu və digər sualların cavabı tapılmadıqca isə ictimaiyyətdə prosesin ədalətli aparılmadığına dair rəylər artır.

Xüsusilə sabiq baş qərargah rəisi Nəcməddin Sadıqovun məhkəməyə dəvət edilməməsi, eləcə də generallar Hikmət Həsənov, Mais Bərxudarov, sabiq baş prokuroru Zakir Qaralov, hərbi prokuror Xanlar Vəliyevin və b. dindirilməməsi cəmiyyətin prosesə inamını sarsıdır.

Hikmət Babaoğlu

Mövzu ilə bağlı Globalinfo.az-a danışan deputat Hikmət Babaoğlu deyib ki, Azərbaycan Ordusunda vaxtilə baş vermiş qanun pozuntuları və törədilmiş cinayətlərlə bağlı hazırda məhkəmə-istintaq prosesləri davam etdirilir:

“Bu prosesdə haqq-ədalətin təmin olunması üçün Azərbaycan Prezidenti tərəfindən xüsusi komissiya yaradılıb və bütün cinayətkarlar layiqli cəzalarını alacaqlar. Ancaq təəssüf ki, məsələ sosial şəbəkələrdə istismar edilir. Bu isə həm hüquqi prosedurların yerinə yetirilməsinə, həm də gerçəkliyin üzə çıxarılmasına mane olur. Nəzərə almaq lazımdır ki, məhkəmə hakimiyyəti ali nəzarətedici hakimiyyət olmaqla üç hakimiyyət növündən biridir. Ona görə də kimin çağırılıb-çağırılmayacağına da məhkəmə özü qərar verir.

Azərbaycan hüquqi dövlətdir. Qanun qarşısında kiçikrütbəli, yüksəkrütbəli kimi kateqoriyalar yoxdur, hamı bərabərdir. Əminəm ki, bu cinayətlərdə kimin əli olubsa, kim şərəfli Azərbaycan əsgərinə qarşı cinayətə yol veribsə, cəzasını alacaq”.

Böyük Quruluş Partiyasının sədri, Milli Məclisin deputatı Fazil Mustafa isə deyib ki, məhkəmə prosesi çərçivəsində hər kəs gəlib ifadə verməlidir:

“Bu məsələdə obyektivliyi, şəffaflığı təmin edə bilsək, insanların bütövlükdə məhkəmə sisteminə, qanunun aliliyinə inamı artar. “Tərtər işi”ndə çox ciddi məqamlar var. İnsanlar prosesi yaxından izləyirlər. Unutmamalıyıq ki, bu prosesi həm də düşmənlərimiz təqib edirlər. Düşmənin bizə qarşı pis niyyətinin qarşısını almaq üçün məsələni ədalətli şəkildə həll etməliyik”.

AĞ Partiya başqanı Tural Abbaslı isə hesab edir ki, “Tərtər işi”nin istintaqı doğru aparılmır:

“Hazırda istintaqı aparan orqanlar bundan öncəki istintaqı aparanlardır. Bundan öncə tam fərqli insanları günahkar çıxartmışdılarsa, indi başqa insanlar günahkar çıxarılır. Günahkar olduğu deyilən bir çox insan bəraət alır, qəhrəman elan etdikləri isə indi günahkar olur.

Bizim təklifimiz budur ki, istintaqı Türkiyədən gələn qrup aparsın. Ədalət istəyiriksə, bu prosesdə günahı olan hər kəs məhkəmə önünə çıxıb, cəzasını almalıdır. Bu baş verməlidir ki, gələcəkdə analoji hal yenidən yaşanmasın”.

Turan Rzayev
Globalinfo.az