“Tərtər işi” ilə bağlı bu qüvvələr fəaliyyətə keçib – Məqsəd budur ki…

“Hazırda davam edən “Tərtər işi” ilə bağlı sosial şəbəkələrdə, informasiya portallarında saytlarda çoxlu məlumatlar yayılıb və yayılmaqdadır. Məsələ aktual olaraq qalır”.

Bu sözləri Globalinfo.az-a politoloq Xəyal Bəşirov “Tərtər işi” ilə bağlı məhkəmə prosesləri, son həbslər, dindirmələr və prosesin sonrakı mərhələsini şərh edərkən deyib.

Xəyal Bəşirov

Onun sözlərinə görə, təəssüf ki bəzi şəxslər bu məsələdən öz siyasi məqsədləri üçün istifadə etmək istəyir:

“Azərbaycan İkinci Qarabağ müharibəsində qalib gəlib və bu qələbəni həzm edə bilməyən qüvvələr var. Çox təəssüf ki, bir sıra xarici qüvvələrin təsiri altına düşmüş insanlar bu məsələdə orduya və ordu rəhbərliyinə qarşı fikirlər səsləndirir. Bununla qələbəmizə kölgə salmağa çalışırlar.

Təbii ki, bu məsələdə bir cinayət var. Yəni bunu gözardı etmək olmaz. Dünyanın istənilən dövlətində ordularda bu kimi hadisələr olur. Əgər ortada bir cinayət varsa, hüquqi dövlət kimi Azərbaycanda bu məsələ ilə bağlı şəxslər müvafiq məsuliyyətə cəlb edilməlidir. Özü də rütbə və vəzifəsindən asılı olmayaraq hər kəs birmənalı şəkildə cəzasını çəkməlidir.

Azərbaycan qanunvericiliyində kifayət qədər məsuliyyət tədbirləri var. Biz hər halda bu günə qədər istənilən səviyyədə vəzifəli şəxslərin məsuliyyətə cəlb edilməsinin şahidi olmuşuq. Bu general rütbəsi daşıyan şəxs də olub, daha aşağı rütbəli məmur da.

“Tərtər işi” adı altında açılan cinayət işində iştirakı olan hər kəs gec-tez cəzalanacaq. Heç kəs məsuliyyətdən yayına bilməyəcək. Hesab edirəm buna görə narahat olmağa dəyməz. Əsas məsələ “Tərtər işi” ilə bağlı prosesdən dövlətimizə qarşı istifadə edən şəxslərin addımlarından narahat olmaq lazımdır.

“Tərtər işi” ilə bağlı həm sevindirici, həm də kədərli məqam odur ki, bəzi insanlara bəraət verildi. Hətta həyatını itirən şəxslərin günahsız olduğu ortaya çıxdı.

Əlbəttə ki, bunlar kədərli məqamlardır. Ümumiyyətlə bu cür yanlışlıqlar olmamalı idi. Amma onu da unutmaq olmaz ki, bu şəxslərin bəraəti əslində “Tərtər işi”ndə günahkar olan bir çox şəxsin məsuliyyətə cəlb edilməsi ilə müşahidə edildi.

Bu gün onlar ilə bağlı məhkəmə istintaqı gedir, yeni həbslər olur. Bu məsələ ilə bağlı kifayət qədər mühüm işlər görülür. Hesab edirəm görülməyə də davam edəcək”.

Turan Rzayev
Globalinfo.az