Terror təşkilatları dövlətlərin sevimlisinə necə çevrilir? – Taliban, PKK nümunəsi…

Terror təşkilatları dövlətlərin sevimlisinə necə çevrilir? – Taliban, PKK nümunəsi...

Bu günlərdə Qazaxıstan Talibanı terror təşkilatı siyahısından çıxarıb. Bununla bağlı Qazaxıstan Prezidenti Kasım Jomart Tokayev məlumat yayıb. Məlumata görə, Qazaxıstan müasir Əfqanıstanla ticari-iqtisadi əməkdaşlığın inkişafının vacibliyini və bu rejimin uzunmüddətli amil olduğunu başa düşərək Talibanı terrorçular siyahısından çıxarıb.

Bu qüvvə Əfqanıstanda növbəti dəfə iqtidara gəldikdən sonra bəzi dövlətlər Talibanla münasibətə yenidən baxmalı oldular.

Dövlətlər hansısa terror təşkilatını siyahıdan necə çıxarır? Bu, hansı beynəlxalq konvensiya, qanunla tənzimlənir? BMT-ə müraciət olunurmu?

Azərbaycan hazırda hansı təşkilatları terrorçu kimi tanıyır?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Elçin Xalidbəyli deyib ki, müasir dünyada dövlətlər terror təşkilatlarına daha çox hərbi cəhətdən yanaşırlar:

“Bu haqda beynəlxalq qanunvericilik aktları, konvensiyalar və yaxud da hüquq normaları olsa belə dövlətlər bu kimi məsələlərdə özəl maraqlardan çıxış edirlər. Bəzi ölkələr terror təşkilatlarına öz maraqları çərçivəsindən yanaşırlar. ABŞ və Aİ ölkələrinin davranışları buna nümunədir. PKK terror təşkilatının Suriya qolu olun PDY ABŞ və Avropa İttifaqı ölkələrinin böyük əksəriyyəti tərəfindən terror təşkilatı kimi tanınmır. Ağ Ev Suriyadakı PKK terrorçularını Birləşmiş Ştatların regiondakı tərəfdaşı hesab edir. Onlar guya Suriyada demokratiya uğrunda mübarizə aparan qruplaşma kimi təqdim edilir. Eyni zamanda həmin təşkilatı silahlandırmaqla yanaşı, təlimlər də keçirlər. Türkiyəyə qarşı terrorçuluqla məşğul olan təşkilat rəsmi Vaşinqtonun regional müttəfiqidir”.

Politoloqun sözlərinə görə, Taliban hazırda Qazaxıstanın terrorçu təşkilatlar siyahısından çıxıb:

“Rusiya və Türkiyə də belə bir addım atmaq niyyətindədir. Rəsmi Ankara Əfqanıstanla normal münasibətlərin qurulmasına çalışır. Burada daha çox dövlət maraqları əsas götürülür. Beynəlxalq prinsiplərə riayət olunmur. Terrorçu dövlətlərin siyahıya daxil olunması və çıxarılmasında dövlətlər adətən BMT-yə müraciət etmirlər. Yalnız öz mövqelərinə uyğun şəkildə qərar verirlər. İndiyə qədər terrorizmin dünyanın başına bir çox bəlalar açmasının əsas səbəbi də terrorizmə ikili standartlardan yanaşmaların olmasıdır. PKK İsveçdə azadlıq uğrunda mübarizə aparan bir təşkilat kimi qəbul olunur. Hətta İsveçin NATO-ya üzvlük məsələsində məhz PKK-nın həmin ərazidə sərbəst fəaliyyətini nəzərə alan rəsmi Ankara onun Alyansa üzvlüyünü bloklamışdı. Əsas şərt kimi də PKK-nın İsveç ərazisində fəaliyyətinin məhdudlaşdırılmasını, ləğv edilməsini irəli sürmüşdü. Türkiyə çətinliklə də olsa məsələdə müəyyən irəliləyişə nail ola bildi”.

Taliban: Terrorçuların Əfqanıstan ərazisindən istifadəsinə imkan verilməyəcək

Taliban rəsmiləri Daşkənddə keçirilən beynəlxalq konfransda

Elçin Xalidbəyli vurğulayır ki, bu gün PKK İsveç, Almaniya və Fransada Türkiyəyə qarşı fəaliyyət göstərməkdə davam edir:

“Bu ölkələr Türkiyədə terror törədən təşkilata dəstək verirlər. PKK Türkiyədə böyük ticarət mərkəzlərində partlayışlar edir, günahsız insanlara atəş açır. Qadınları, qocaları, uşaqları – bir sözlə, mülki şəxsləri qətlə yetirir. Bu, beynəlxalq hüquq normalarına görə terrorizmin əsas təsdiqləyici faktorlarıdır. Lakin görünən odur ki, hər dövlətin məsələyə fərqli yanaşması var. Terror təşkilatı hansısa dövlətin əleyhinə fəaliyyət göstərirsə, həmin dövlətin beynəlxalq rəqibi o təşkilatı dəstəkləyir. Çox absurd yanaşma tərzidir. Taliban isə Əfqanıstanın yerli şərtlərinə uyğun şəkildə fəaliyyət göstərir. Artıq dövlət strukturlaşma siyasətinə start verib. Dünyada əvvəl-axır Əfqanıstanın mövcud hakimiyyəti kimi Talibanın tanınması qaçılmaz proses kimi görünür. Məsələnin daha geniş vüsət alacağı gözlənilir. Əfqanıstanla münasibət qurmaq istəyən bütün ölkələr Talibanı tanımağa məcbur qalacaqlar”.

Politoloqun fikirlərinə Azərbaycan üçün əsas terrorizm mərkəzi Ermənistandır:

“Azərbaycanın məruz qaldığı terrorizmin əsas qaynağı elə məhz ermənilərlə bağlı olub. Ölkəmizdə belə bir sənədin hazırlanmasına xüsusi önəm verilməsə də ASALA, Daşnaksütyun və s. terror təşkilatları terrorizmin tərkib hissəsi kimi qəbul olunur. Erməni kilsəsinin də terrorizmin idarə olunmasında xüsusi rolu var”.

Safura Bənnayeva
Globalinfo.az