Tənzilə Rüstəmxanlı: “Qərbi Azərbaycandakı kəndimizə qayıdıb, evimizi görmək istəyirəm…”

Tənzilə Rüstəmxanlı: “Qərbi Azərbaycandakı kəndimizə qayıdıb, evimizi görmək istəyirəm...”

44 günlük Vətən müharibəsindəki zəfərimizdən sonra Azərbaycandan zorla qoparılıb Ermənistana birləşdirilən Zəngəzur ərazisindən dəhlizin verilməsi məsələsi siyasi gündəliyə daxil edildi. Beləliklə, Qərbi Azərbaycana dönüş məsələsi xəyaldan reallığa çevrilməyə başladı.

O da məlumdur ki, Qərbi Azərbaycan torpaqları, Zəngəzur Türk dünyasının coğrafi baxımdan iki yerə bölünmüş hissələri arasında körpüdür. Bəs Türk dünyası Qərbi Azərbaycan reallıqları haqda nə qədər məlumatlıdır?

Globalinfo.az bu və digər suallarla bağlı Azərbaycan-Türkiyə Qadınlar Cəmiyyəti, Azərbaycan-Türkiyə Evinin sədri Tənzilə Rüstəmxanlı ilə müsahibəni təqdim edir:

– Bu gün Türk dünyası, türkdilli dövlətlər Qərbi Azərbaycan həqiqətləri, reallıqları haqda nə qədər məlumatlıdırlar? Bu yöndə görülən işləri necə dəyərləndirirsiniz?

– Uzun zamandır Türk dünyası ilə çalışan biri kimi deyə bilərəm ki, Qərbi Azərbaycan məsələsini nəinki türk dövlətlərində, heç Türkiyənin özündə belə doğru-dürüst bilmirlər. Baxmayaraq ki, Türkiyədə kifayət qədər Azərbaycan türkü var və onlar hər zaman Qərbi Azərbaycandan gəldiklərini deyirlər. Bu o deməkdir ki, Türkiyədə ermənilərin Qafqaza sonradan gəldikləri haqda, indiki Ermənistanın əslində Qərbi Azərbaycan, bizim millətin dədə-baba yurdu olduğunu bilmirlər. 33 illik təcrübəmdə bu mövzunu hər zaman mütləq şəkildə bütün konfranslarda gündəmə gətirmişəm. Hesab edirəm ki, bu sahədə çox işləməliyik.

Məlum olduğu kimi Türk Dövlətləri Təşkilatı yaranıb, fikrimcə bu təşkilatda Qərbi Azərbaycan məsələsi ilə məşğul olan bir qurum yaradılmalı və bununla dövlətlər səviyyəsində məşğul olunmalıdır.

Bu bir gerçəklikdir ki, Azərbaycan prezidenti cənab İlham Əliyev Qərbi Azərbaycan məsələsini dövlət səviyyəsində gündəmə gətirməyənə qədər Azərbaycanın özündə belə bu məsələ danışılmırdı. Prezident İlham Əliyev Qərbi Azərbaycanla bağlı çıxışında demişdi:

“Ermənilər Qarabağdakı kimi, Qərbi Azərbaycanda da bizim bütün tarixi, dini abidələrimizi yerlə-yeksan ediblər, dağıdıblar, azərbaycanlıların tarixi irsini silmək istəyiblər, ancaq buna nail ola bilməyiblər. Çünki tarix var, sənədlər var, xəritələr var. Bu binada nümayiş etdirilən, XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə bunu dünya ictimaiyyətinə də çatdırmaqdır”.

– Qərbi Azərbaycan ərazisində tarixi-mədəni abidələrin, toponimlərin, coğrafi adların, folklor nümunələrinin öyrənilməsi, dünyaya çatdırılması, bu istiqamətdə görülən işlər kifayətedicidirmi?

– Deyə bilərəm ki, Qərbi Azərbaycan məsələsi artıq istədiyimiz bir nöqtəyə gəlib, çatıb. Belə ki, Qərbi Azərbaycan İcması yaradılıb, Qərbi Azərbaycana Qayıdış Konsepsiyası qoyulub, çox ciddi işlər görülür. Hətta Qərbi Azərbaycan məsələsi ilə bağlı Prezident Administrasiyasında keçirilən görüşlərdə görülən işlər barəsində danışılanda görürük ki, həqiqətən də böyük işlər görülür. Təkcə Azərbaycanın daxilində deyil, ölkə xaricində də bu işlər görülür, bir çox qurumlara ciddi tapşırıqlar verilib.

QƏRBİ AZƏRBAYCAN MAHALLARI: 1897-ci ilin siyahıyaalınmasına görə, Şərur-Dərələyəz əhalisinin 70,5%-i Azərbaycan türkləri olub – "ARAZ" Media Qrupu

Məsələn, şəxsən mən İspaniyanın paytaxtı Madrid şəhərində keçirilən “Qərbi Azərbaycana qayıdış beynəlxalq müstəvidə” Avropa Forumunda, Daşkənddə keçirilən “Qərbi Azərbaycana qayıdış” ikinci Türk Dünyası Sammitində bunun şahidi oldum.

Bilirsiniz ki, Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə Azərbaycan-Türkiyə Qadınlar Cəmiyyəti, Azərbaycan-Türkiyə Evi və “İpək yolu” Xalq Diplomatiyası Vəqfinin təşəbbüsü, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi ilə Daşkənddə “Qərbi Azərbaycana qayıdış” ikinci Türk Dünyası Sammiti keçirilib. Tədbir birbaşa olaraq Orta Asiyada Qərbi Azərbaycan məsələsini gündəmə gətirdi.

Tədbirdə Azərbaycan Milli Məclisinin deputatları Sabir Rüstəmxanlı, Naqif Həmzəyev, Türkiyə Böyük Millət Məclisinin üzvü, Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq qrupunun həmsədri Şamil Ayrım, ölkəmizin Özbəkistandakı səfiri Hüseyn Quliyev, Özbəkistanda yaşayan Qərbi Azərbaycan kökənli diaspor üzvləri, Azərbaycan, Türkiyə, Qırğızıstan, Şimali Kipr Türk Cümhuriyyətindən elm və mədəniyyət xadimləri iştirak edib.

Bir neçə gün öncə Rumıniyanın paytaxtı Buxarest şəhərində Qərbi Azərbaycana qayıdış məsələlərinə həsr olunan “Azərbaycan Cənubi Qafqazda qlobal təhlükəsizliyin qarantıdır” mövzusunda keçirilən Buxarest Forumundan geri dönmüşük. Forumda Qərbi Azərbaycanda doğulmuş, öz ata-baba yurdundan qovulmuş, köç etməyə məcbur edilmiş bir ailənin övladı kimi çıxış etdim, danışdım. O torpaqlarda mənim, ata-anamın, bütün sülaləmin xatirələri, ayaq izləri, yaşanmış acı hekayələri var. Bütün bunları danışanda hiss edirdim ki, dediklərim insanlara toxunur, təsir edir, duyğulandırır. Həm Madriddə, həm Rumıniyada çıxışlardan sonra insanlar yaxınlaşıb, daha ətraflı məlumat almağa çalışırdılar. Məsələn, Rumıniya-Yaponiya Dostluq Cəmiyyətinin xanım sədri fasilə zamanı mənə yaxınlaşıb təklif etdi ki, əməkdaşlıq etmək, çox sevə-sevə bu məsələni araşdırmaq istəyir.

Beləliklə, hesab edirəm ki, bir-biri ilə əlaqəli çalışanda bu məsələni Türk dünyasının, o cümlədən Avropanın gündəminə gətirmək imkanlarımız var. Bunu tərəddüd etmədən, heç bir çətinliyə baxmadan davam etdirmək, əməkdaşlıq edərək, onların dəstəyini almaq lazımdır və bu çox önəmlidir.

Biz Ermənistandan torpaq tələb etmirik, sadəcə deyirik ki, siz Qarabağa ermənilərin qayıtması barədə israrla dünyanı üzərimizə qaldırmağa çalışırsınız. Ermənilərin Qarabağa qayıtmasına Azərbaycan qanunları çərçivəsində, Bakının tələbləri əsasında razı olduğumuzu dəfələrlə dünya ictimaiyyətinin, Ermənistanın diqqətinə çatdırmışıq. Eyni zamanda bizim də Qərbi Azərbaycan torpaqlarına qayıtmaq, orada yaşamaq haqqımız var. Biz bilmirik dədə-baba torpaqlarımızda qəbirlərimiz, məzarlıqlarımız, mədəni abidələrimiz hansı vəziyyətdədir. Bundan çox narahatıq. Çünki 30 il erməni işğalı altında qalan torpaqlarımızda hansı vandalizmin, vəhşiliyin törədildiyinin şahidi olduq. Ermənilər sanki arxalarında bir Qarabağ boyda viranə qoyublar. Amma çox təəssüf ki, dünya bunu görmür və ya görmək istəmir.

Qərbi Azərbaycanın həqiqi sahibləri olaraq torpaqlarımıza geri dönəcəyik"

– Tənzilə xanım, siz Qərbi Azərbaycanın Ağbaba mahalının Amasiya rayonunun Əzizbəyov kəndində anadan olub, bir müddət orada yaşamısız. O doğma yurd, torpaqlar xatirənizdə necə qalıb? Unuda bilmədiyiniz hansı xatirələr var?

– Mən Ağbabada doğulmuşam, orada böyümüşəm, uşaqlığım o torpaqlarda keçib. 3 dəfə nəslim oradan köç edib. Anamın ailəsi İrəvan mahalından köç edib, atamın ailəsi isə Amasiya bölgəsinə köç ediblər. Sonra yenidən məcburi köçə məruz qalıblar. O yerlərdə o qədər uşaqlıq xatirələrim var ki. Evimizin giriş-çıxışı, hər şeyi yadımdadır…

– Qərbi Azərbaycana dönüş məsələsi artıq xəyaldan reallığa çevrilməyə başlayıb. Günün birində bu baş verərsə, bir Qərbi azərbaycanlı kimi ilk getmək istədiyiniz yer haradır?

– Sadəcə evimizi görmək istəyirəm. Bilmək istəyirəm nə oldu bizim orada qoyub gəldiyimiz o torpaqlar… o yurdumuzun taleyi nə vəziyyətdədir? Orada bir türk ruhu var idi, yəqin ki, artıq onu yox ediblər. Əminəm ki, bir çox şeyləri, o cümlədən qəbirlərimizi, məzarlıqlarımızı dağıdıblar. Bəlkə də arxamızda qoyub getdiymiz heç nəyi görə bilməyəcəyik, amma ən azından biz o xatirələri yenidən yaşamaq istəyirik…

Məqalə “Qlobal Media və Siyasət Araşdırmaları” İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Qərbi Azərbaycan mövzusu Mərkəzi Asiyada ” adlı layihə çərçivəsində dərc olunub.

Qeyd: Müsahibədə əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.

Turan Rzayev
Globalinfo.az