Teleqramda yaranan problemin səbəbi

Teleqramda yaranan problemin səbəbi

Yaxın Şərqdə davam edən münaqişə fonunda Teleqram görünməmiş yüklənmə ilə üzləşib və bu, mesencerin fəaliyyətində müvəqqəti problemlərə səbəb olub.

Globalinfo.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Teleqram komandası məlumat yayıb.

“Yaxın Şərqdə, xüsusən də İsrail, Livan və İranda baş verən son hadisələrlə əlaqədar Teleqram görünməmiş yüklənmə ilə üzləşib. Son bir neçə gün ərzində bəzi istifadəçilər müvəqqəti əlaqə problemləri və media fayllarına daxil olmaqda çətinlik çəkə bilər.

Texniki komandamızın səyləri sayəsində Teleqram əksər ölkələrdə əlçatan olaraq qalır və bütün problemlər artıq tam həll olunub”, – məlumatda bildirilir.

Qeyd edək ki, oktyabrın 1-də Teleqram-da genişmiqyaslı nasazlıq yaranıb: mesaj göndərmək mümkün olmayıb, Teleqram kanallarında məlumatlar yenilənməyib. Çətinliklər İranın İsrailə qarşı kütləvi raket hücumu fonunda yaranıb. “Jerusalem Post”un məlumatına görə, həmin vaxt İran 500-ə yaxın raket atıb.

Bir gün əvvəl də Teleqram-ın işində nasazlıq yaranıb. “Downdetector” xidmətinin məlumatına görə, mesencerin qeyri-sabit işləməsi ilə bağlı ilk şikayətlər Bakı vaxtı ilə 14:29-da daxil olmağa başlayıb. Problem bir neçə saat davam edib.