“Telegram” fəaliyyətini dayandırır? – Durovun həbsi ilə bağlı ilginc detal

“Telegram” fəaliyyətini dayandırır? - Durovun həbsi ilə bağlı ilginc detal

“Telegram” sosial şəbəkəsinin təsisçisi Pavel Durov Fransada həbs edilməsi ictimaiyyətdə, yerli və xarici mediada birmənalı qarşılanmayıb. Hətta onun həbsindən sonra “Telegram”ın fəaliyyətinin dayandıracağını iddia edənlər var. Xatırladaq ki, prezident Vladimir Putin bir ay ərzində “Telegram”ın Rusiya analoqunun yaradılması barədə əmr verib.Durovu zərərsizləşdirib, Qərbə bağlı sosial şəbəkə subyektlərinin önünü açmaq istəyirlər? “Telegram” ciddi rəqibə çevrilib və tək özü bütün sosial şəbəkə subyektlərinə meydan oxuyur. Bu platforma bağlansa, nə baş verər?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan sosial media mütəxəssisi İntiqam Əhmədov deyib ki, “Telegram” hazırda dünyada ən populyar tətbiqlərdən biridir:

“Bu mesajlaşma tətbiqinin 1 mlrd aktiv istifadəçisi var. Əslində “Telegram”ın işi təkcə mesajların göndərilib, qəbul edilməsi ilə bitmir. Eyni zamanda kanal və qruplara qoşularaq bir sıra məlumatları da almaq mümkündür. “Telegram” hazırda dünyada məlumat mənbəyi kimi saya biləcəyimiz tətbiqlər içərisində də ilk sıradadır. Lakin bu, arzuolunmaz məlumatların əlçatanlığını asanlaşdırır. Yəni tətbiq daxilində heç bir senzura yoxdur, istənilən məlumat çox rahatlıqla yayıla bilir. Bunlar məsələnin ümumi tərəfidir.

Xüsusi tərəfi isə “Telegram”ın 3-cü şəxslər siyasətidir. Yəni “Telegram” məlumatların 3-cü tərəflərlə paylaşılmasında maraqlı deyil. Belə ki, heç bir hökumətin kəşfiyyatı ilə işləmir, məlumat ötürmür. Bu isə onu daha maraqlı və sirli edir. Tətbiqin həmtəsisçisi Pavel Durovun həbs olunması da məncə elə məhz bu səbəbdəndir”.

“Telegram” fəaliyyətini dayandırır? - Durovun həbsi ilə bağlı ilginc detal

İntiqam Əhmədov

İntiqam Əhmədovun fikrincə, həbs olunma maddələri içərisində şəxsi həyatın ifşası da var:

“Yəni bu kimi görüntülərin, mesajların yayılmasında qadağa yoxdur. Amma məsələnin bir də bu yönü var ki, eyni videonu vatsapda da qrup açıb heç bir senzura, qadağa olmadan paylaşmaq mümkündür. Bu isə onu göstərir ki, məsələ həqiqətən də təkcə sadalanan maddələrdən ibarət deyil. Həm də bir tətbiqin yaradıcısını istifadəçinin davranışlarına görə niyə tutsunlar? Bu bir az da bıçaq məsəlinə bənzəyir. Bir insan əlindəki bıçaqla alma da doğraya bilər, insan da öldürə bilər. Yəni istifadəçinin özündən asılıdır onu necə istifadə edir.

Hazırda “Telegram”ın serverləri demək olar ki, dünyaya yayılıb və onun dünyanın müxtəlif yerlərində 5 məlumat mərkəzi var. “Telegram” bağlansa, təbii ki, onun istifadə olunduğu ölkələrə iqtisadi təsirləri olacaq. Məlumat üçün deyim ki, “Telegram”a yaxın kriptovalyutalar bu həbslə bağlı olaraq anında 10%-dən artıq dəyər itiriblər. Amma nəzərə almaq lazımdır ki, “Telegram” təkcə Durovdan ibarət deyil, o, həbs olunsa belə, tətbiq öz fəaliyyətini davam etdirəcək. Amma alternativ tətbiqlərin yaranması və istifadəsi də istisna edilmir”.

Safura Bənnayeva
Globalinfo.az