“Ermənistanın ətrafındakı ölkələr Qərb vektorundan uzaqlaşır və İrəvan bunu nəzərə almalıdır”.
Globalinfo.az xəbər verir ki, bunu Avrasiya Ekspert Klubunun üzvü Aqasi Tavadyan deyib.
O bildirib ki, Qərb dollardan iqtisadi və siyasi sanksiyalar silahı kimi istifadə edir. Buna görə də, bir çox ölkələr BRİKS-i Qərb strukturlarına alternativ olaraq görür.
“Reallıq ondan ibarətdir ki, bizim ətrafımızdakı dövlətlər daha çox BRİKS-ə doğru irəliləyir və Ermənistan geoiqtisadi vektorun transformasiyasını nəzərə almalıdır. Türkiyə və Azərbaycan BRİKS+ dövləti olmaq arzusunu ifadə edib. Artıq Rusiya və İran da bu layihənin üzvüdür. BRİKS və Aİİ-nin birgə sənədlərinə əsasən, bu beynəlxalq strukturların üzvü olan dövlətlər müəyyən növ mallara görə aşağı gömrük rüsumları ödəyirlər. Yəni, erməni sahibkarlar aşağı rüsumlarla öz mallarını İrana ixrac edə bilərlər. Üstəlik, hazırda dünya ÜDM-nin 35 faizi BRİKS ölkələrinin payına düşür. Nəzərə almaq lazımdır ki, 15 il əvvəl G7 ölkələri aparıcı göstəricilərə malik idi. Lakin hazırda G7 ÜDM-in 20 faizinə çatmır. BRİKS+ ölkələri isə tədricən qlobal iqtisadiyyatın lokomotivi olurlar. Ona görə də, Ermənistan bunu tədricən nəzərə almalıdır”, – deyə Tavadyan vurğulayıb.
Müşviq Tofiqoğlu
Globalinfo.az














