Tarixi fürsət: Türkiyə 30 illik “çiban”ı kəsib ata bilər – TƏHLİL

Türkiyə Suriyanın Tel-Rıfat, Ayn əl-Ərəb bölgələrində və İraqın şimalında PKK, PYD, YPG terrorçularına qarşı “Pəncə-Qılınc” kod adlı irimiqyaslı hərbi əməliyyatlara başlayıb.

Hərəkat İran ilə sərhəddən Aralıq dənizinədək 1000 kilometr uzunluqda və 200-250 kilometr dərinlikdə PUA-lar, komanda-qərargah təyyarələrinin iştirakı ilə həyata keçirilir. Hərəkatda 50-yə yaxın döyüş təyyarəsinin yer aldığı deyilir.

TAKSİM TERRORUNA CAVAB

Türkiyə Silahlı Qüvvələri bundan öncə Suriya və İraqda keçirdiyi hərbi əməliyyatlarda olduğu kimi BMT Nizamnaməsinin 51-ci maddəsini əsas götürüb. Həmin maddəyə görə, təkcə Türkiyə deyil, istənilən ölkə öz ərazisinə, sərhədlərinə, suverenliyinə yarana biləcək təhdidlərin qarşısını almaq üçün antiterror əməliyyatı keçirə bilər.

Hazırda keçirilən antiterror əməliyyatları hərbi hava qüvvələrinin iştirakı ilə təşkil edilsə də, mümkündür ki, yaxın günlər ərzində quru əməliyyatı ilə genişlənə bilər. Prinsip etibarilə Türkiyənin quru antiterror əməliyyatları başlaması üçün də əsası var.

Belə ki, PKK, YPG, PYD terrorçuları Türkiyənin Kilis şəhərindəki Öncüpınar sərhəd-keçid məntəqəsi və Qaziantep şəhərinin Karkamış rayonuna raket zərbələri endirib. Ankara bunu əsas göstərərək quru əməliyyatlarına başlaya bilər.

ANKARANIN MƏQSƏDİ

Taksimdə baş verən terakt Türkiyəyə şərtləri öz xeyrinə dəyişə bilmə imkanını yaratdı. Ankara başlatdığı “Pəncə-Qılınc” hava hərəkatı və sonrasında başladacağı quru hərəkatı ilə buna nail ola bilər.

Birincisi, Türkiyə 30 ildən artıqdır ki, ölkə daxilində və xaricində PKK, YPG, PYD terror təşkilatları ilə mübarizə aparır. Bu mübarizə nəticəsində PKK-ya ölkə daxilində ciddi zərbələr endirilib. Lakin adı çəkilən terror təşkilatları bu gün İraqda, xüsusən də Suriyada xarici qüvvələrin dəstəyi ilə yenidən təşkilatlanır, hətta daha da güclənirlər. Ankara keçirəcəyi bu əməliyyatla PKK, YPG, PYD-nin İraq və Suriyanın şimalındakı qanadlarının strateji nöqtələrini və hərbi obyektlərini məhv edə bilər.

İkincisi, rəsmi Ankara cənub sərhədlərində həm təhlükəsizliyi təmin etmək, həm də suriyalıların geri qaytarılmasını həyata keçirmək üçün 30 kilometrlik təhlükəsiz bölgə yarada bilər.

VAŞİNQTON VƏ MOSKVANIN SƏSSİZLİYİ

Türkiyənin keçirdiyi “Pəncə-Qılınc” kod adlı irimiqyaslı hərbi əməliyyatlara ABŞ və Rusiyanın səs çıxarmaması diqqət çəkir. Hətta Rusiyanın nəzarətində olan hava limanlarından biri Türkiyənin hərbi təyyarələri üçün açılıb.

Ankaranın əməliyyatına Rusiya və ABŞ-ın səssiz qalmasının siyasi səbəbləri də var:

Rusiya hazırkı geosiyasi şərtlərdə Türkiyə ilə uzlaşmağa məcburdur. Xüsusilə də Ukrayna-Rusiya müharibəsi fonunda Ankaranın əli olduqca güclüdür. Kreml indiki məqamda Türkiyə ilə münasibətləri pisləşdirmək istəmir. Buna görə də Ankaranın Suriya və İraqda keçirdiyi əməliyyatlara səssiz qalmaqla kifayətlənir.

ABŞ-a gəldikdə isə Vaşinqton yaxşı başa düşür ki, indiki məqamda Türkiyəyə etiraz etmək Ankaranın əlini daha da gücləndirəcək. Məsələ ondadır ki, Türkiyə tərəfi haqlı olaraq Vaşinqtonu Taksim teraktında günahkar görür. Yəni bu teraktı ABŞ törətməsə belə, onun dəstəklədiyi PKK, YPG törədib.

Vaşinqton Rusiya ilə gərginlik fonunda Ankaranı küsdürmək istəmir. Digər bir vacib məqam isə NATO-nun Finlandiya və İsveç üzərindən genişlənmə planının Türkiyədən asılı olmasıdır.

Nəticə etibarilə Türkiyə Suriya və İraqda PKK, PYD, YPG terror təşkilatlarına zərbə vurmaq və 30 kilometrlik təhlükəsiz bölgənin yaratmaq üçün tarixi fürsət əldə edib. Türkiyə buna nail olsa, 30 illik terrorla mübarizə çərçivəsində tarixi irəliləyiş əldə edəcək.

Turan Rzayev
Globalinfo.az