Tarix Əliyev danışdı, hər şeyə aydınlıq gətirdi – Prodüserdən gündəmi silkələyən sözlər

“Məhəmmədi Psixiatriya xəstəxanasından mənim çıxarmağımla bağlı yayılan xəbərlər yanlışdır”.

Bu sözləri Globalinfo.az-a açıqlamasında prodüser və aparıcı Tarix Əliyev (Tolik) Bakının Xətai rayonunda yerləşən 3 saylı uşaq evində baş verənlər barədə videosu ilə gündəm olan, ardınca Psixiatriya Xəstəxanasına yerləşdirilən 16 yaşlı Məhəmməd Hacıyevi onun xəstəxanadan çıxarması xəbərinə aydınlıq gətirən zaman deyib.

T.Əliyev bildirib ki, Məhəmməd xəstəxanadan çıxarılan zaman o, verilişdə olub:

“Həmin vaxt mən efirdə idim. Qardaşı da mənim verilişimə gəlmişdi. Bu zaman psixiatriyadan zəng gəldi ki, bəs “qardaşını buraxırıq, gəl apar”. Dəstəyi götürüb onlarla mən danışdım və Əlinin canlı efirdə olduğunu bildirdim. Dedim ki, mən bu uşağı göndərsəm, siz doğrudanmı Məhəmmədi qaytaracaqsınız, yoxsa, keçən dəfəki kimi edib verməyəcəksiniz? Dedilər, “gəlib şəxsiyyət vəsiqəsini təqdim etsin, qardaşını aparsın”. Mən də MTV-yə məxsus avtomobillə onu yola saldım, gedib sənədlərini təqdim edib, ərizə yazıb, qardaşını götürüb gəldi. Həmin vaxt İTV-nin də əməkdaşları orada olub”.

Məhəmmədi 1 saylı Psixiatriya xəstəxanasına 3 saylı uşaq evinin rəhbəri Məhbubə xanımın yerləşdirdiyi məlum olub:

No description available.

“Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Məhəmmədi xəstəxanaya yerləşdirə bilmək üçün qardaşı Əlidən məktub yazmağını istəyiblər. Məktub yazıldıqdan sonra məlum olub ki, uşaq 4 gün əvvəl artıq 3 saylı uşaq evinin rəhbəri Məhbubə xanım tərəfindən psixiatriyaya yerləşdirilib. Baş həkim çıxıb uşağın xəstə olmadığını bildirdikdən sonra, Əliyə zəng gəldi və o mənim verilişimdən gedib qardaşını götürdü”.

Tarix Əliyev Məhəmmədi görməsi və çəkiliş edə bilməsi məsələsinə də aydınlıq gətirib:

“Məni kim idi xəstəxanaya tək buraxan?! Dövlət olan yerdə mən kiməm ki, nəsə edəm?! Sadəcə, digərlərindən fərqli olaraq, xəstəxanaya tək yox, onun qardaşı ilə getdiyim üçün ora daxil ola bilmişəm. Sırf bu səbəbdən Məhəmmədi görə və kameraya çəkə bildim. Ondan əvvəl zəng etdim. Çəkilişə icazə verməyəcəklərini, daxil ola bilmək üçün yanımda ən yaxın adamlarından kiminsə olmasının vacibliyini dedilər. Ona görə Əli ilə getdim. Siz də, digər jurnalistlər də qardaşı ilə getsəniz, mütləq icazə verərdilər”.

Aparıcı Məhəmmədin yenidən 3 saylı uşaq evinə yerləşdirildiyini bildirib:

“Dünən axşam saat 22:00 radələrində Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat katibi Mətin bəylə aparıb Məhəmmədi 3 saylı uşaq evinə təhvil verdik, lakin adam orada qalmaq istəmir. Məhəmməd zəng vurub deyir ki, ona qarşı münasibət tam başqadır. Amma o orada müvəqqəti qalır. Bilirsiniz ki, Məhəmməd 2016-cı ildə bir ailə tərəfindən qəyyumluğa götürülüb. O ailə bizim efirə zəng edib onu yenidən övladlığa götürmək istədiyini bildirdi. Mənim bundan sonra edə biləcəyim yardım onlara ödənişsiz vəkil təklif etməkdir”.

Zaira Akifqızı
Globalinfo.az