DTX-nın həbs etdiyi Nəzakət Məmmədovanı ağır cəza gözləyir – Vəkil açıqladı

Xəbər verdiyimiz kimi, Nəzakət Məmmədova Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyat zamanı saxlanılıb. Ona Cinayət Məcəlləsinin 274-cü ( dövlətə xəyanət) maddəsi ilə ittiham irəli sürülüb.

Ağır maddə ilə ittiham olunan N.Məmmədovanı hansı cəza gözləyir?

Mövzunu Globalinfo.az-a şərh edən vəkil Elçin Sadıqov deyib ki, dövlət təhlükəsizliyi sahəsində əməliyyatların və istintaqların həyata keçirilməsi DTX-nın öhdəliyindədir.

Elçin Sadıqov

O bildirib ki, belə bir əməliyyat keçirmək üçün DTX-da səlahiyyət var:

“Əgər Nəzakət Məmmədovanın təqsiri sübuta yetirilərsə, onu 12 ildən ömürlük azadlıqdan məhrumetməyə qədər cəza gözləyir. Sosial şəbəkələrdə yazırlar ki, guya N.Məmmədova Rusiyaya işləməkdə ittiham olunan ilk şəxsdir, amma yanlış məlumatdır. Rusiyaya casusluqda ittiham və məhkum olmuş onlarla insan var. Hətta həmin məhkumlar arasında MTN-nin keçmiş əməkdaşları da olub”.

Xatırladaq ki, N.Məmmədova uzun müddətdir Rusiya lehinə paylaşımlar və çıxışlar edir. Onun açıq şəkildə Rusiya Federasiyası xeyrinə danışması, yazması ictimai qıcıq yaradırdı. Amma bir məsələ var ki, casusluq heç vaxt açıq şəkildə edilmir. Gizli, qapalı şəkildə həyata keçirilir. Görünür, dövlətdə N.Məmmədova ilə bağlı elə məlumatlar olub ki, onun saxlanmasına göstəriş verilib.

Zaira Akifqızı
Globalinfo.az