
“Donald Trampın prezident seçilməsi beynəlxalq aləmdəki qüvvələr arasında balansa təsir etmək gücündədir”.
Bu sözləri Globalinfo.az-a politoloq Elxan Şahinoğlu Donald Trampın yenidən prezident seçilməsinin geosiyasi proseslərə təsiri haqda danışarkən deyib.
Onun sözlərinə görə, Tramp Ukraynaya hərbi və maliyyə yardımının dayandırılmasının tərəfdarıdır:
“O, Ukrayna Prezidenti Volodimir Zelenskini az qala “dilənçi” adlandırıb. Ukraynaya yardımın dayandırılması müharibənin Rusiyanın xeyrinə dəyişməsi demək olacaq. Əlbəttə, Pentaqon və Dövlət Departamenti Trampa Ukraynaya dəstəyi dayandırmamağı məsləhət görəcəklər, ancaq keçmiş Ağ Ev sahibi bir sıra hallarda ətrafı ilə hesablaşmır. Trampın Yaxın Şərq siyasəti də fərqli olacaq.
ABŞ-ın hazırkı Prezidenti Cozef Bayden İsrailə təsir etmək istəyir ki, Qəzza bölgəsinə hücum dayandırılsın, Fələstin amili nəzərə alınsın. Trampın belə bir dərdi yoxdur. O, birmənalı şəkildə İsrailə dəstəyin tərəfdarıdır. Məhz Tramp prezidentliyi dövründə Qüdsü İsrailin paytaxtı kimi tanıyaraq səfirliyin Təl-Əvivdən köçürülməsinə qərar verdi. Bu qərar Yaxın Şərq və Avropa ölkələrində narazılıq doğursa da, Tramp öz bildiyini etdi”.
Ekspert deyib ki, Trampın Çinə qarşı sərt iqtisadi siyasəti də bəllidir:
“O, prezident seçilən kimi Çin lideri Si Szinpinlə görüşüb, geniş fikir mübadiləsi aparsa da, bu ölkə ilə ticarət mübadiləsinin Amerikanın zərərinə olduğunu vurğuladı. Çin məhsullarına əlavə vergilər tətbiq olundu. Tramp həm də ondan narazı idi ki, ABŞ şirkətləri ucuz işçi qüvvəsinə görə zavod və fabriklərini Çində açırlar.

Elxan Şahinoğlu
Bayden Trampı tənqid etsə də, onun Çin siyasətini davam etdirir. Bayden administrasiyasının təlimatı ilə Çin Hind və Sakit okean bölgəsində sıxışdırılır. Bu bölgə böyük güclər arasında yeni rəqabət meydanına çevrilib. Vaşinqton NATO-nu da bölgəyə cəlb edib. Vaşinqtonda keçirilən illik sammit zamanı NATO Yaponiya, Cənubi Koreya, Avstraliya və Yeni Zelandiya ilə dörd yeni birgə layihəyə başlayacağını açıqladı. Bu arada, Vaşinqton Çində istehsal olunan yarımkeçiricilərin dünya bazarlarına çıxışını məhdudlaşdırmağa çalışır. Vaşinqtondakı rəsmilər və tədqiqatçılar bunu yeni “çip diplomatiyası”nın bir hissəsi adlandırırlar. Tramp prezident seçilərsə, Çinə qarşı bu məhdudiyyətlər daha da gücləndiriləcək”.
E.Şahinoğlu deyib ki, Trampın Cənubi Qafqaz siyasətinə gəldikdə, onun ABŞ-da erməni lobbisi ilə bağlılığının olmaması Azərbaycanın xeyrinədir:
“Tramp ölkəsinin milli və təhlükəsizlik maraqlarına əhəmiyyət verir. Bu maraqlar isə Cənubi Qafqazın əsas dövləti Azərbaycanla əməkdaşlığı diktə edir. Rəsmi Bakının da iştirakçısı olduğu Orta Dəhliz layihəsi ABŞ-ın maraqlarına uyğundur. Azərbaycanın Avropaya qaz, neft və alternativ enerji nəqli də ABŞ üçün əhəmiyyətlidir. Tramp prezidentliyi dövründə bu amilləri nəzərə alacaq”.
Turan Rzayev
Globalinfo.az