***12:22
Globalinfo TV-nin Qarakənd faciəsi ilə bağlı təqdim etdiyi videomüsahibə yenidən bəzi sualları aktuallaşdırıb. O vaxt Ali Sovet sədrinin müavini olmuş Tamerlan Qarayevin həmin vertolyota minməkdən son anda imtina etməsi iddiaları səngimir.
Maraqlıdır, burada həqiqət payı nə qədərdir? İstintaqda bu haqda məlumat olubmu? Nə kimi araşdırmalar aparıldı?
Globalinfo.az-a danışan Azərbaycanın mərhum prezidenti Əbülfəz Elçibəyin köməkçisi olmuş Oqtay Qasımov bildirib ki, AXC hakimiyyətə gələndən sonra Qarakənd hadisəsi ciddi araşdırılıb.
Ətraflı videoda:
“Düzdür, həmin vaxt hadisəni müfəssəl araşdırmaq mümkün deyildi. Belə ki, sözügedən ərazi – Xocavənd rayonu işğal altında idi. Amma bilirdik ki, helikopter vurulub və adətən belə olaylar zamanı sağ qalma şansı çox az olur. Buna görə istintaqın qənaəti də belə oldu”.
O.Qasımov deyib ki, keçmiş hadisələrlə bağlı mətbuatda gedən müsahibələrdə bəzən subyektiv fikirlər üstünlük təşkil edir:
“İddialar bir çox hallarda gerçəkliyi əks etdirmir. Məhəmməd Əsədovun, İsmət Qayıbovun sağ olması ilə bağlı fikirlər səsləndirildi. Bu məsələlərin nə qədər doğru, yanlış olduğunu istintaq müəyyən edir. Yəni fərdi yanaşmalar doğru deyil. Hadisədən 33 il keçib və bu gün bununla bağlı danışanlar eşitdiyi iddiaları səsləndirir. Çünki hadisə yerində çox az adam olub.
1991-ci il noyabrın 20-də baş verən Qarakənd hadisəsi çox ağır nəticələrə gətirib çıxartdı. Bu hadisə Azərbaycan cəmiyyətini sarsıtdı və müəmmalı suallar cavabsız qaldı”.
Qeyd edək ki, Qarakənd hadisələrinin şahidi, tanınmış jurnalist Salman Alıoğlu qazilər.az-a müsahibəsində Tamerlan Qarayevlə bağlı məsələlərə aydınlıq gətirmişdi:
“Hadisə şahidi kimi qəti əminliklə deyirəm ki, həmin vertolyotda Tamerlan Qarayev də ola bilərdi. Son anda Tofiq İsmayılovun tapşırığı ilə başqa iş dalınca getməsi onu baş verəcək faciədən xilas etdi.
Qarayevi günahlandıranlara tutarlı cavab verən Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri Sabir Rüstəmxanlının sözlərini təkrarlamaq yerinə düşər: “Tamerlan o vertolyotda həlak olanların çoxu ilə yaxın dost idi”.
Turan Rzayev
Globalinfo.az