Talıbovlardan hakimiyyətdəki milli qüvvələrə gözdağı: “Həmin gün təsadüfi seçilməyib”

 

“İnsan yaralanan an ağrı hiss etmir, bir müddət sonra isə ağrılar başlayır. Görünür, Vasif Talıbovun və ətrafının hakimiyyət yarası indi-indi təsirini göstərir”.

Bu sözləri Globalinfo.az-a açıqlamasında Ovqat.com saytının baş redaktoru, jurnalist Heydər Oğuz deyib.

“Xan” həzrətlərini və onun “leşyeyənlər” ordusunu ifşa edənlər troll dəstələri tərəfindən ağır şəkildə təhqir olunurlar. Ən pisi odur ki, “xan” trolları bizi təhqir yağmuruna tutmaqla qalmır, statusumuza rəy yazan izləyicilərimizi də təhqir edirlər. Nə qadın tanıyırlar, nə uşaq. Halbuki əxlaqdankənar həyat tərzi sürənlər elə özləridir.

Şəxsən mənə bəzi kanallardan onlar və yaxınları barədə çoxsaylı məlumatlar ötürülürdü. Həm də öz yaxın ətrafları tərəfindən. Bugünədək onların heç birini ictimailəşdirmədim, bundan sonra da ictimailəşdirməyəcəyəm. Çünki belə kompromatları işıqlandırmağı öz əxlaqıma sığışdırmıram. Hər kəs biri barədə yazı yazanda öz əxlaqını nümayiş etdirir”, – H.Oğuz qeyd edib.

H.Oğuz deyib ki, Rza Talıbovun 20 Yanvar mərasimində özünü nümayiş etdirməsi, əslində, bizə yox, Azərbaycan hakimiyyətindəki milli qüvvələrə gözdağıdır:

“Azərbaycanda hakimiyyətdə iki müxtəlif qüvvə var: biri Rusiyanın “5-ci kolon”u, digəri isə milli iradədir. Bu iki iradə arasında zaman-zaman bir-birinə qarşı güc nümayişinin şahidi oluruq. Xüsusilə “5-ci kolon” bu cür addımlarla “biz hələ ölməmişik” mesajını vermək istəyir.

Rza Talıbov bu zamanadək bir çox paylaşımlarında Ramiz Mehdiyevin tərəfdarı olduğunu açıq şəkildə nümayiş etdirib. Bilirsiniz ki, hələ 2 il əvvəl o, sosial şəbəkələrdə bir status paylaşaraq Ramiz Mehdiyevi müdafiə edərək onun düşmənlərinə barmaq silkələmişdi. 20 Yanvar mərasimində nümayişkaranə şəkildə özünü gözə soxması da onun “5-ci kolon” adından gövdə göstərisi təsiri bağışlayırdı. Xüsusilə 20 yanvar tarixinin seçilməsinin bir də simvolik mənası vardı. Sirr deyil ki, 20 yanvar hadisəsi Rusiyanın Azərbaycan xalqına verdiyi gözdağı idi. İndi Rusiyanın uşaqları yenə eyni tarixdə bizə gözdağı verir, milli iradəni sındırmağa çalışırlar”.

Zaira Akifqızı

Globalinfo.az