Talançı məmurları qoruyan yalançı qurumlar – Dövlətin soyulmasının qarşısını kim almalıdır?

Talançı məmurları qoruyan yalançı qurumlar – Dövlətin soyulmasının qarşısını kim almalıdır?

Bir çox məmurlar illərlə büdcəni talayaraq, dövləti soyaraq milyarder olublar. Sirr deyil ki, taladıqları milyardların çox hissəsini xarici ölkələrə çıxarıblar. Bəs illər sonra o vəsaitləri geri almaq mümkün olacaqmı? Milyardlar yığmış adamlar dövlətə, hakimiyyətə nə kimi təhlükə yaradırlar?

Məsələ ilə bağlı Globalinfo.az-a danışan AĞ partiya başqanı Tural Abbaslı bildirib ki, dövlət hər kəsə nəzarət etməlidir deyə bir anlayış yoxdur. Onun sözlərinə görə, dövlətin müxtəlif strukturları var və onların işi daimi olaraq dövlət vəsaitlərinə nəzarət etməkdir:

“Kifayət qədər dövlət qurumları var. Sadəcə, görünən odur ki, böyük əksəriyyət öz siyasi statusundan istifadə edərək, strukturları susdurub və ya həmin strukturlar da o rüşvətxor və korrupsioner məmurlarla iş birliyində olublar. Çünki bu böyüklükdə vəsaitlərin birdən-birə yoxa çıxması və ya kiminsə bank hesabında peyda olması təsadüf deyil”.

T.Abbaslı bildirib ki, ölkədə hansısa bankdan 200 dollardan artıq pul alan zaman şəxsiyyət vəsiqəsi tələb olunur:

“Demək olar ki, bütün maliyyə dövriyyəsi tam nəzarət altındadır. Hətta hesabından xarici banka 1000 dollardan artıq pul göndərmək istəyəndə, artıq hüquq mühafizə orqanları maraqlanmağa başlayır. Belə bir sistem olan yerdə hansısa məmur özbaşına, heç kimin bilmədiyi şəkildə böyük bir məbləğdə ölkədən pul qaçırdı desək, kimsə inanmaz. Sadəcə, müxtəlif strukturlar həmin korrupsionerlərlə əlaqələri olduqları üçün işi ört-bastır edərək özləri də bu qanunsuz dövriyyədən pul qazanıblar”.

Siyasətçi bildirib ki, əlində nəzarətsiz maliyyə olan qüvvələr dövlətə də, dövlətçiliyə də böyük təhlükədir:

“Çünki XXI əsrdə vəsait hər şey deməkdir. Yəni nəzarətsiz kapital və maliyyə hər cür təxribata qadirdir. Ona görə də, belə insanların nəzarətsiz buraxılması Azərbaycan üçün riskdir. Nəzərə alsaq ki, qonşuluqda İran, Rusiya və Ermənistan kimi dövlətlər var, o zaman artıq belə vəsaitlərin kimlərinsə əlində sərbəst şəkildə cəmləşməsinin nə qədər təhlükəli olduğunu artıq özünüz hesablayın”.

Zaira Akifqızı
Globalinfo.az