Şuşada verilən bəyanat Tavuşda reallaşa bilər: Revanşitlərlə bağlı Bakının qərarı…

Ermənistanın keçmiş Baş Qərargah rəisi Movses Akopyan deyib ki, nə sərhəd postları, nə də başqa bir şey Tavuşda sülhü təmin edəcək.

“Ölkələrin təhlükəsizliyi siyasi hakimiyyət və ordu tərəfindən təmin edilir. Qalan şeylər – mövqelər, bunkerlər, sərhəd postları, xüsusilə Azərbaycanla bağlı situasiyada təsirsizdir. Mən artıq demişəm ki, bu hakimiyyət destruktivdir” – deyə o bildirib.

Bu bəyanat Bakı tərəfdən necə qiymətləndirilir? Pozuculuğa, sülh prosesini zədələməyə hesablanmış bu fikir Bakı tərəfindən hansı formada cavablabdırılacaq?

Globalinfo.az – a danışan politoloq Qabil Hüseynli deyib ki, Movses Akopyanın dediklərinin heç bir məntiqi yoxdur:

“Azərbaycan ilə Ermənistan arasında sülh prosesi gedir. Delimitasiya komissiyalarının görüşləri də keçirilir. Bir neçə gün öncə Azərbaycan sülh sazişi ilə bağlı təkliflərini İrəvana göndərib. Bütün bunlar real proseslərdir.

Movses Akopyan kimi şəxslər çoxdur. Onların hər biri fərqli fikir irəli sürür. Bu fikirlərin bir çoxu reallığı əks etdirmir. Ermənistan hakimiyyəti hazırda Bakının təkliflərini qəbul edir. Düzdür, Paşinyan hakimiyyəti bəzən yayınmağa çalışır, amma ümumi mənada reallığı artıq dərk edir”.


Qabil Hüseynli

Ekspert deyib ki, Bakının İrəvana cavab verməsi üçün bu tipli fikirlərin rəsmi bir şəxs tərəfindən səsləndirilməsi lazımdır:

“Movses Akopyan rəsmi şəxs deyil. Azərbaycanın bu şəxsə cavab verməsi mümkün deyil. Amma Paşinyan, ya da Mirzoyan bunu desəydi, rəsmi Bakı mütləq cavab verərdi.

Ermənistanın rəsmi səviyyədə delimitasyadan, ya da sülhdən imtina etsə, bu, regionda yeni gərginliyə, eskalasiya səbəb ola bilər. Rəsmi Bakı sülh istəyir, amma müharibə variantı da hələ aktualdır”.

Qeyd edək ki, Azərbaycanla Ermənistan bu ilin mayında Qazaxla sərhəddəki eksklav olmayan 4 kəndlə bağlı razılığa gəliblər. Nəticədə iki ölkə arasında ilk dəfə sərhədin demarkasiyası həyata keçirilib. Ermənistandakı revanşist qüvvələr Paşinyanın bu addımı ilə razı deyillər.

Xatırladaq ki, Movses Akopyan hazırda Ermənistan Təhlükəsizlik Şurasının katibi vəzifəsini icra edən Armen Qriqoryanın dayısıdır. Bununla belə onlar arasında müəyyən məsələlərdə fikir ayrılığı mövcuddur.

Globalinfo.az bildirir ki, revanşistlərin bu cür bəyanatlarla çıxış etməsi Paşinyan hökumətinə lazımdır. Onlar bununla vaxt qazanmış olurlar. Hətta bəzi ekspertlərin iddiasına görə Movses Akopyanın bu bəyanatı Paşinyan administrasiyası ilə razılaşdırılıb. Bununla da belə görüntü yaradıla bilər ki, Ermənistan iqtidarı ağır şərtlər altında olduğu üçün sülh prosesi ləng gedir. Ola bilsin Paşinyan bu cür siyasi teatr qurmaqla sülh sazişinin imzalanmasından, ən əsas da konstitusiya dəyişikliyindən yayınmağa çalışdın.

İstənilən halda rəsmi Bakı bu cür tendensiyalara qarşı dözümsüz olacağını bəyan edib. Prezident İlham Əliyev ən son may ayında demişdi ki, revanşistlər baş qaldırsa, Azərbaycan onlara qarşı güzəştsiz və sərt davranacaq.

Turan Rzayev
Globalinfo.az