Şuşada tarixi anlar – “Cıdır düzündən baxanda aşağıda separatçıları…”

Şuşada tarixi anlar – “Cıdır düzündən baxanda aşağıda separatçıları...”

Mayın 11-dən 13-nə qədər Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı keçirilib. Bu festivalın siyasi, hətta geopolitik əhəmiyyəti var. Azərbaycan bu şəhərdən dünyaya önəmli mesajlar ötürür. Onu da qeyd edək ki, keçən illə müqayisədə bu il ərazi bütövlüyümüzün tam bərpa olunması fonunda festival xüsusi əhəmiyyət kəsb edir.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib ki, Şuşa şəhəri təkcə Azərbaycanın deyil, ümumilikdə Şərqin və müsəlman dünyasının cazibə mərkəzlərindən biridir:

“Şuşanın mədəni, musiqi mühiti müsəlman Şərqində ilk opera yazan bəstəkarı yetirəcək qədər mükəmməl olub. Bu il Şuşanın islam dünyasının mədəniyyət paytaxtı seçilməsi ilə bağlı İSESKO-nun verdiyi qərar gözlənilən idi. Çünki Şərqdə əzilən çoxsaylı xalqlar üçün müsəlman ölkədə islam mədəniyyətinin viran edilməsinə son qoyulması bir nümunə oldu. Bu onları öz mədəniyyətlərini qorumaq, təzyiqdən xilas olmaq üçün cəsarətləndirir. Şuşanın işğaldan azad edilməsi həm də müsəlman, islam mirasının azad edilməsi idi ki, bu da Yaxın Şərqin əzilən müsəlman ölkələri üçün mübarizə simvoluna çevrildi”.

Şuşada tarixi anlar – “Cıdır düzündən baxanda aşağıda separatçıları...”

Hikmət Babaoğlu

Deputat Şuşada keçirilən “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının mühüm hadisə olduğunu vurğulayıb:

“Keçən il Şuşaya Zəfər yolu ilə gedərkən ətrafdakı ərazilərin hansında separatçıların yaşayıb-yaşamadığı ilə bağlı suallarla üzləşirdik. Lakin bu dəfə festivala gedərkən hər bir Azərbaycan vətəndaşı böyük qürur hissi keçirirdi. Yol boyu önümüzə çıxan hər kəndin, qəsəbənin, şəhərin əminliklə bizə aid olduğunu bilib sevinirdik. Cıdır düzündən aşağı baxanda Xankəndidə separatçıların yaşamadığını görüb, qürur duyurduq”.

“Teleqraf” Media Qrupunun rəhbəri, əməkdar jurnalist Aynur Camalqızı isə vurğulayıb ki, ilk dəfə 1989-cu ildə keçirilən “Xarıbülbül” festivalı həm mədəniyyətimizin, həm də Şuşanın musiqiçilər diyarı olmasının simvolu idisə, bu gün Şuşaya, ümumiyyətlə, Qarabağa qayıdışımızın simvoluna çevrilib:

“2021-ci ilin mayında – torpaqlarımız işğaldan azad edildikdən sonra bərpa olunan “Xarıbülbül” musiqi festivalının əhəmiyyəti böyükdür. Hər şeydən əvvəl bu festival Şuşanın Azərbaycan şəhəri olduğunu əyani şəkildə dünyaya nümayiş etdirir. Torpaqlarımız azad edildikdən sonra da ermənilər, xüsusilə erməni diaspor və lobbisi Azərbaycana qarşı iddialardan əl çəkmir. Onların Azərbaycana qarşı apardığı anti-təbliğat kampaniyasının əsas komponentlərindən biri də məhz Şuşanın guya “erməni şəhəri” olmasıdır. “Xarıbülbül” festivalı beynəlxalq müstəvidə ermənilərə verilən ən tutarlı cavablardan biri hesab oluna bilər. Çünki bu festivalın tarixi Şuşa işğal edilməmişdən öncə başlayır. Erməni işğalı bu torpaqlarda təkcə həyata yox, mədəniyyətə də son qoydu. İndi bu ərazilərə həyatla yanaşı, mədəniyyət qaytarılır”.

A.Camalqızının fikrincə, bu festival həm də Azərbaycanın “yumşaq güc” diplomatiyası üçün önəmlidir:

“Birincisi, dünyaya torpaqlarımızın azad edildiyinin, o torpaqlara sülhün, həyatın qayıtdığının mesajı verilir.

İkincisi, xarici investorların diqqətini işğaldan azad edilmiş ərazilərə yönəldir. Çünki xarici kapital üçün ilk növbədə təhlükəsiz mühit lazımdır, bunu praktiki olaraq mədəni tədbirlərin keçirilməsi ilə göstərmək mümkündür. “Xarıbülbül” festivalı bu prosesdə mühüm rol oynayır.

Builki festival Bakıda keçiriləcək COP29 tədbirindən öncə xüsusi əhəmiyyətə malikdir. Dünyanın iqlim probleminə həsr olunmuş COP29 yaşıl enerjiyə investisiyanın qoyulmasının təşviqinə də yönəlib. Azərbaycanın yaşıl enerji potensialı böyükdür, xüsusilə azad edilmiş ərazilərdə. Bu baxımdan, “Xarıbülbül” festivalı həmin ərazilərdə sabitliyin olduğunu əyani şəkildə nümayiş etdirdi və bu, xarici investorların diqqətinin bura yönəldilməsi üçün vacib amillərdəndir”.

Əməkdar jurnalist vurğulayıb ki, “Xarıbülbül” festivalının Azərbaycanın beynəlxalq mədəni festivalına çevrilməsi imkanları da xüsusi nəzərdən keçirilməlidir:

Şuşada tarixi anlar – “Cıdır düzündən baxanda aşağıda separatçıları...”

Aynur Camalqızı

“Əslində, işğaldan öncə bu festival beynəlxalq status almışdı. 1989-cu ildə ilk dəfə keçirilən festivala yerli ifaçılarla yanaşı, Qazaxıstan, Qırğızıstan, Başqırdıstan, Litva və Belarusdan da musiqiçilər qatılmışdı. 1990-cı ildə “Xarıbülbül” Musiqi Festivalı olaraq beynəlxalq status aldı. 1991-ci ildə isə festivala 25 ölkədən 300-ə yaxın iştirakçı qatılmışdı. 1992-ci ildə Şuşanın işğalı ilə festival da dayandırıldı. İndi bunu beynəlxalq festivala çevirmək imkanımız var. Son üç ildə keçirilən festivalda xarici qonaqların iştirakı, beynəlxalq diqqət bu imkanlarımızı artırır. Fikrimcə, ilk növbədə festivalı türk dünyasının əsas musiqi hadisəsinə çevirə, islam dünyasının diqqətini bura cəlb edə bilərik. Şuşanın türk, o cümlədən islam dünyasının mədəniyyət paytaxtı olması da buna imkan verir. Daha sonra festivala diqqət coğrafiyasını genişləndirə və dünya miqyasına çıxara bilərik.

Bu gün Avropada “Avroviziya” varsa, nə üçün türk və islam coğrafiyasının “Xarıbülbül” festivalı olmasın?! Buna nail ola bilsək, Azərbaycan həm mədəni, həm siyasi, həm iqtisadi divident əldə edəcək, o cümlədən türk və islam dünyası da bu coğrafiyanın ənənələrinə uyğun mədəni tədbirdə iştirak imkanı qazanacaq”.

Aynur Camalqızı xatırladıb ki, bu il keçirilən festivalda müsəlman ölkələrindən iştirakçılar Cıdır düzündə öz məharətlərini nümayiş etdirdilər:

“Əslində, “Xarıbülbül” festivalının ilkin mərhələdə türk və islam coğrafiyasının mədəni hadisəsinə çevrilməsi prosesinin başlandığını da deyə bilərik. Bu kontekstdə Prezident İlham Əliyevin festivalda çıxışı zamanı dedikləri xüsusilə əhəmiyyətlidir.

Dövlət başçısı Şuşanın islam mədəniyyətinin paytaxtı elan edilməsinə diqqət çəkərək, müsəlman ölkələrinin kollektivlərinin festivalda iştirakının birlik, həmrəylik bayramı olduğunu vurğuladı. Prezidentin bu sözləri “Xarıbülbül” festivalının perspektivi üçün “yol xəritəsi” hesab edilə bilər.

Dövlət başçısının çıxışında ən mühüm amillərdən biri də Şuşada sülhün, sabitliyin təmin edilməsi haqda dedikləri idi. Azərbaycan lideri bununla həm beynəlxalq ictimaiyyətə hüquq və ədalət prinsiplərinə əsaslandığımızı bir daha çatdırdı, həm də 88 nəfər şuşalıya yeni evlərinin açarlarını təqdim etməklə sülh və sabitliyin əbədi təməlinin, birlik və həmrəyliyin mesajlarını göndərdi”.

Qeyd: Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Mövzu: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği;

Safura Bənnayeva
Globalinfo.az

Şuşada tarixi anlar – “Cıdır düzündən baxanda aşağıda separatçıları...”