Bəzi sürücülər avtomobillərə görə tətbiq olunan bir sıra cərimələrdən xəbərsizdirlər. Nömrə işıqlarının saz vəziyyətdə olmaması da bu kateqoriyaya daxildir. Onlar iddia edirlər ki, maşının iki işığından ən azı biri yaxşıdırsa, avtomobili idarə etmək olar və buna görə cərimə yazılmamalıdır. Bu, yol polisi ilə mübahisələrin yaranmasına da səbəb olur.
Əslində reallıq necədir?
Globalinfo.az-a danışan nəqliyyat eksperti Rövşən Həsənov deyib ki, nəqliyyat vasitələrinin işıqları standartlara uyğun olmalıdır:
“Payız-qış aylarında hava tez qaraldığı üçün avtomobillərin işıqları daha tez qoşulur. Əgər hər biri işlək vəziyyətdədirsə, o zaman heç bir problem yoxdur. Amma işıq cihazlarının birində problem yaranarsa və sürücü bunu dərhal aradan qaldırmırsa, cərimə tətbiq oluna bilər. Bu, İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsi ilə tənzimlənir. Belə ki, sözügedən qayda pozuntusu üçün 50 manat cərimə nəzərdə tutulub”.
Rövşən Həsənov
Ekspert qeyd edib ki, belə hallarda avtomobil yoldan kənarlaşdırıla da bilər:
“Maşının ustaya və ya digər ərazilərə aparılacağı barədə qanunda məlumat yoxdur. Bu, xırda bir boşluqlardan biridir”.
Zaira Akifqızı
Globalinfo.az