“İran öz ərazisində Qərbin sosial şəbəkələrinin fəaliyyətinə izn verməyə hazırdır, amma bunun üçün ilk növbədə bir neçə şərt yerinə yetirilməlidir”.
Globalinfo.az xəbər verir ki, bunu İran Prezidenti İbrahim Rəisi deyib.
“Xarici internet platformalarının İranda fəaliyyəti üçün heç bir problem yoxdur, amma onlar öz fəaliyyətlərinə görə məsuliyyət daşımalı və yoxlamalara hazır olmalıdırlar. Məsələn, onların İranda rəsmi nümayəndəliyi olmalıdır”, – o bildirib.
Bununla da etirazların başlanmasından sonra Rəisi ilk dəfə hakimiyyətin hansı istiqamətdə güzəştlərə getməyə hazır olduğunu göstərib. Bu isə İran hakimiyyəti daxilində vəziyyətin çətin olması ilə bağlı ehtimalları artırıb.
Ümumilikdə, Rəisiyə qarşı son zamanlar təzyiqlər güclənib. Xüsusilə İranın dini lideri Əli Xamenei baş verənlərə görə Rəisini hədəf halına gətirərək, onu rejim üçün qurban verməyə cəhd edir ki, bunu da prezident çox yaxşı başa düşür.
İranlı məşhur sosioloq İbrahim Fəyyaz isə İranın artıq Rusiyanın təsir dairəsinə düşməyə başladığını bildirib:
“Biz Rusiyaya dronları satanda qlobal oyun qaydalarını nəzərə almadıq. Nəticədə isə Rusiya bizdən faydalandı, çünki xarici işlər nazirimiz ölkənin maraqlarının necə qorunacağını bilmirdi. Biz xarici siyasətimiz elmin köməyi ilə qurmalıyıq, amma təəssüf ki, hökumətimiz universitetlərlə əlaqə qurmaq istəmir. Bizim rəsmilər başqalarına qulaq asmaq yox, danışmaq istəyirlər”.
Bununla yanaşı, İsrail yenidən İranı təhdid etməyə başlayıb. CNN-ə müsahibə verən İsrail Baş naziri Benyamin Netanyahu İrana hərbi güc tətbiqi planının ortadan qalxmadığını bildirib.
İlkin Həsənov
Globalinfo.az