Bu gün Ağdərə rayonunun Suqovuşan qəsəbəsinin və Talış kəndinin Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsindən dörd il ötür.
Globalinfo.az xəbər verir ki, 2020-ci il oktyabrın 3-də Azərbaycan Ordusu hər iki kəndi erməni işğalçılarından təmizləyib. Həmin gün Suqovuşan və Talışda Azərbaycanın üçrəngli şanlı bayrağı qaldırılıb.
Qədim adı Suqovuşan olan, sovet hakimiyyəti illərində Madagiz adlandırılan kənd ilk dəfə 1991-1992-ci illərdə Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilib. Lakin 1994-cü ilin aprelində yenidən Ermənistan tərəfindən işğal olunub.
Ermənilər Suqovuşanı işğal etdikdən sonra burada hərbi hissələr yaratmışdı. 49 971 saylı hərbi hissə Ermənistan ordusunun Qarabağdakı ən yaxşı hərbi hissələrindən biri hesab olunurdu. Bundan başqa, erməni ordusunun “6-cı müdafiə rayonu” kimi qeyd etdiyi 33 651 nömrəli hərbi hissə də Suqovuşanda mövqe tuturdu.
Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev 2020-ci ilin oktyabr ayının 3-də Suqovuşanın erməni işğalından azad olunduğunu açıqlayıb. Daha sonra Ali Baş Komandan həmin dövrdə 1-ci Ordu Korpusuna komandanlıq edən general-mayor Hikmət Həsənovu Suqovuşanın işğaldan azad olunması münasibətilə təbrik edib.
Suqovuşan döyüşü Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində şimal-şərq cəbhəsində baş verən ən əhəmiyyətli döyüşlərindən biri hesab olunur. Suqovuşan-Ağdərə istiqamətində gedən döyüşlər zamanı Ermənistan silahlı qüvvələrinin 77-ci tank taborunun 4 tankı məhv edilib, 3 tankı isə qənimət götürülüb. Ermənistan silahlı qüvvələrinin Ağdərə istiqamətində yerləşən 5-ci dağatıcı alayının müdafiə sahəsinə qoşunlarımız tərəfindən artilleriya zərbələrinin endirilməsi nəticəsində alayın 4 ədəd avtomobil texnikası məhv edilib, şəxsi heyəti arasında çoxlu sayda ölən və yaralanan olub. 5-ci dağatıcı alayın bir neçə bölməsinin şəxsi heyəti döyüş mövqeyini tərk edərək qaçıb.
Prezident İlham Əliyev Madagiz kəndinin Suqovuşan kəndi adlandırılması haqqında qanun imzalayıb. Dövlət başçısı 2021-ci il oktyabrın 3-də Suqovuşan qəsəbəsində və Talış kəndində Azərbaycan bayrağını ucaldıb.
Prezident İlham Əliyevin qanunvericilik təşəbbüsü ilə “Azərbaycan Respublikasının Tərtər rayonunun Madagiz kəndinin Suqovuşan adlandırılması haqqında” qanun layihəsi Milli Məclisə göndərilib. Layihə parlamentin 2020-ci ilin oktyabrın 6-da keçirilən plenar iclasında müzakirəyə çıxarılıb və qəbul edilib.
Daha sonra Prezident İlham Əliyev Madagiz kəndinin Suqovuşan kəndi adlandırılması haqqında qanunu imzalayıb. Sənədə əsasən, Tərtər rayonunun Çaylı kənd inzibati ərazi dairəsi tərkibindəki Madagiz kəndi Suqovuşan kəndi adlandırılıb.
Xatırladaq ki, Prezident İlham Əliyevin 2020-ci ilin dekabrın 29-da və 2021-ci ilin iyunun 24-də imzaladığı müvafiq sərəncamlara əsasən, bir qrup hərbi qulluqçu “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilib.
Qeyd edək ki, oktyabrın 3-də Suqovuşan və Talış kəndləri ilə yanaşı, Cəbrayıl rayonunun Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy, Quycaq kəndləri və Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi də Ermənistan silahlı qüvvələrinin işğalından azad edilib.














