Sumqayıtda zavodda yanğın oldu – VİDEO / YENİLƏNİB

Sumqayıtda zavodda yanğın oldu - VİDEO / YENİLƏNİB

Sumqayıt şəhərində yerləşən Etilen-Polietilen Zavodunda baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti (DYMX) tərəfindən söndürülüb.

Globalinfo.az xəbər verir ki, bu barədə FHN-ə istinadən xəbər verir.

Yanğınsöndürmə qüvvələrinin çağırış üzrə hadisə yerinə operativ çatması və peşəkar fəaliyyəti sayəsində yanacaq çənindəki yanğının mümkün partlayışla nəticələnməsi və digər çənlərə keçərək ağır fəsadların yaranmasına imkan verilməyib.

Qeyd edək ki, yanğının söndürülməsi əməliyyatında ümumilikdə 25 ədəd texnika və 135 nəfərə yaxın canlı qüvvə iştirak edib. Əməliyyata rəhbərliyi DYMX-nin rəisi daxili xidmət general-mayoru Hikmət Abbasov edib.

*** 14:18

Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azərikimya” İstehsalat Birliyinin Etilen-Polietilen zavodunda Qaz məhsullarının qəbulu və buraxılışı sahəsində yanğın baş verib.

Globalinfo.az xəbər verir ki, bu barədə “SOCAR Downstream Management” MMC-dən məlumat verilib.

Bildirilir ki, ilkin ehtimala görə yanğın xammal tutumunda baş verib.

“Yanğın qeydə alındıqdan sonra Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Hazırda müvafiq soyutma tədbirləri fasiləsiz olaraq davam etdirilir.

Yanğın zamanı bir nəfər yüngül xəsarət alıb. Hadisə ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək”, – məlumatda deyilir.

***13:33

Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən Etilen-Polietilen Zavodunun ərazisində yerləşən yanacaq çənində baş vermiş yanğınla mübarizə tədbirləri davam etdirilir.

FHN-dən Globalinfo.az-a verilən məlumata görə, yanğınsöndürənlər hazırda xüsusi təyinatlı texnikaların tətbiqi ilə yanan çənin söndürülməsi, həmçinin ətrafdakı digər çənlərin soyudulması ilə alovun onlara keçməsinin qarşısının alınması istiqamətində tədbirləri davam etdirirlər.

Əlavə məlumat veriləcək.

***13:04

Fövqəladə Hallar Nazirliyi Sumqayıtda Etilen-Polietilen Zavodunda baş verən yanğın barədə məlumat yayıb.

FHN-dən Globalinfo.az-a verilən məlumata görə, Sumqayıt şəhərində yerləşən Etilen-Polietilen Zavodunda yanğın baş verməsi barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumat əsasında FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

Hazırda yanğının yayılmasının qarşısının alınması və məhdudlaşdırılması istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.

Əlavə məlumat veriləcək.

***12:11

Sumqayıtda zavod yanır.

Bu barədə Globalinfo.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, FHN-in “112” qaynar telefon xəttinə Sumqayıt şəhərində yerləşən Etilen-Polietilen Zavodunda yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.