Sumqayıtda övladlarını zəhərləyən qadını neçə il həbs gözləyir? – Vəkil açıqladı

Xəbər verdiyimiz kimi, mayın 21-də Sumqayıt şəhərində 36 yaşlı İsgəndərova Sevgül Əllədin qızı yaşadığı mənzildə dərman vasitəsi ilə üç azyaşlı övladını zəhərləyib. Hadisə şəhərin 13-cü mikrorayon ərazisində qeydə alınıb.

Zəhərlənən uşaqlar və anaları Kliniki Tibbi Mərkəzin Toksikologiya Şöbəsinə yerləşdiriliblər. Ananın vəziyyəti qənaətbəxş olsa da, azyaşlılar xəstəxananın reanimasiya şöbəsinə yerləşdiriliblər.

Övladını zəhərləyən valideynə qanunla hansı cəza verilməlidir?

Vəkil Mehman Muradlı Globalinfo.az-a deyib ki, istənilən halda həmin ana məsuliyyətə cəlb olunacaq.

“Fərqi yoxdur bu, o qadının övladıdır, yoxsa yox. Əgər zəhərləmə öldürmə niyyəti ilə olunubsa, ana məsuliyyətə cəlb olunacaq. Hətta uşaqlar sağ qalsa belə, o şəxsə 29 və 120-ci maddə ilə cinayət işi başladılacaq. Lakin burada səbəb də araşdırılmalıdır”,- vəkil deyib.

Mehman Muradlının sözlərinə görə, ananı 3 övladı zəhərlədiyi üçün 14 ildən 20 ilədək həbs gözləyir.

Zaira Akifqızı
Globalinfo.az