Sülh sazişi təhlükədə – Cənubi Qafqazda qorxulu oyunlar

Son zamanlar Cənubi Qafqazda diplomatik təmaslar artıb. Türkiyə Azərbaycan, Gürcüstan ilə təmasları intesivləşdirərək regionda siyasi, iqtisadi gücünü artırır. Rəsmi Bakı Ankaranın çəkisinin regionda artmasında maraqlıdır.

Bununla belə, Qərb Cənubi Qafqazda prosesləri yaxından izləyir. NATO Baş katibi Yens Stoltenberqin regiona səfəri Qərbin maraqları baxımdan diqqət çəkir.

Qərb Cənubi Qafqazda nə planlayır? Üç Qafqaz ölkəsi, üstəlik Türkiyə arasında gedən proseslər nədən xəbər verir? Sülh sazişi hazırlanır?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan siyasi şərhçi Kənan Novruzov deyib ki, son vaxtlar Azərbaycan, Gürcüstan və Türkiyə arasında təmaslar intensivləşib:

“Nazirlər səviyyəsində müxtəlif görüşlər, həmçinin Gürcüstan baş nazirinin Azərbaycana səfəri bu fikri təsdiqləyir. Bu, özlüyündə yaxşı haldır. Əlbəttə, sözügedən təmasların əsas mövzusu regiondakı durum, o cümlədən Azərbaycanla Ermənistan arasında imzalanması gözlənilən sülh müqaviləsidir.

Qərbin istədiyi regional sülhün yox, öz maraqlarının təmin olunmasıdır. Oyunu elə qurmaq lazımdır ki, bu maraqlar məhz sülhdən yana olsun. Bu zaman Qərbin prosesə töhfəsini təmin edə bilərik.

Digər tərəfdən, sülh sazişinə hazırlıq getdiyini demək çətindir, çünki prosesə mane olan obyektiv səbəblər var. Unutmayaq ki, dans birtərəfli oynanılmaz. Bakı, Ankara və Tbilisi hər nə qədər səy göstərsə də, İrəvanda lazımi siyasi iradə yoxdursa, sülh sazişinin imzalanması çətin olacaq. Həmçinin Qərbin prosesləri tormozlatmaq cəhdlərinin də qarşısı alınmalıdır”.

Turan Rzayev
Globalinfo.az