Paşinyan tamam fərqli bəyanat verdi – Sonu nə olacaq?

Ermənistanla Azərbaycan arasında yekun sülh müqaviləsinin imzalanması üçün müvafiq işlər görülür. Xüsusən son görüşlər fonunda regionun böyük sülhə yaxınlaşıldığını demək olar. Rəsmi Bakının yaratdığı reallıqlar Ermənistan Baş naziri Nikol Paşinyanın 30 ildə heç bir erməni liderin vermədiyi bəyanatları verməsi ilə nəticələndi.

Bu gün Ermənistanda birmənalı iddia olunur ki, Paşinyan Qarabağ məsələsində Azərbaycanla razılaşıb.

Maraqlıdır, sülh sazişindən sonra hansı proses başlayacaq?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Tural İsmayılov deyib ki, Azərbaycan hər zaman sülh sazişi ilə bağlı müsbət bəyanatlar verib, bunu dəstəkləyib:

“Hətta 30 il ərzində, real müharibə dövründə belə rəsmi Bakı proseslərin dinc yolla həllində maraqlı olduğunu bildirib. Təəssüf ki, Azərbaycanın illərlə sülh istiqamətində verdiyi bəyanatlar, etdiyi çağırışlar nəticəsiz qalıb. Ermənistan tərəfi faşist və pozuculuq mövqeyi sərgiləyərək süni şəkildə prosesi gərginləşdirməkdən geri durmayıb.

Tural İsmayılov

Bu gün də biz bənzər şəkildə Ermənistan tərəfindən vaxtaşırı sülh prosesinə zərər verəcək bəyanatların şahidi oluruq. Mən Ermənistanın sülhə dair səsləndirdiyi bəyanatı ciddi qəbul etmirəm. Bundan öncə Praqa və Soçi görüşlərində də Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bildirsə də, biz daha sonra yenidən ərazi iddiaları ilə bağlı açıqlamalar verildiyinin şahidi olduq. Bu gün də Ermənistan gizli yollarla separatçıları dəstəkləyir, maliyyə yardımı edir.

Bununla belə, yekun sülh müqaviləsi imzalanandan sonra əlbəttə ki, digər ölkələrlə olduğu kimi Ermənistanla Azərbaycan arasında da fərqli sahələrdə danışıqlar başlamalı, təmaslar qurulmalıdır. Xüsusilə xalqların qarşılıqlı şəkildə bir-birini tanıması, anlaması üçün QHT-lər və diplomatik nümayəndəliklər səviyyəsində danışıqlar da aparılmalıdır”.

Turan Rzayev
Globalinfo.az