Sülh müqaviləsi ilə bağlı kritik təklif – 103 illik saziş gündəmdə

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, deputat Qüdrət Həsənquliyev maraqlı təklif ilə çıxış edib. Belə ki, o Qars müqaviləsini (1921) gündəmə gətirib.

Sitat:

“Türkiyə və Rusiyanın iştirakı olmadan sülh sazişinin imzalanması az inandırıcı və az təminatlıdır. İkitərəfli sülh sazişi imzalansa belə istənilən vaxt asanlıqla pozula bilər. Bizə yeni Qars müqaviləsinin imzalanması daha sərfəlidir”.

Qars müqaviləsi nədir? Şuşa bəyannaməsi bəzən ikinci Qars müqaviləsi kimi təqdim olunur. Bu müqayisə doğrudur?

Globalinfo.az-a danışan politoloq Qabil Hüseynli deyib ki, deputatın təklifi yerində və doğrudur:

“Regionda reallıqlar dəyişib, lakin bu o demək deyil ki, tarixi faktlardan uzaqlaşmaq lazımdır. Bu gün Ermənistanla Azərbaycan sülh sazişinə çox yaxındır. Sülhün əbədi və qalıcı olması üçün region ölkələrinin iştirakı ilə müqavilələr imzalanmalıdır. Qars müqaviləsi bunun ən gözəl örnəyidir.

Məsələyə daha geniş perspektivdən baxsaq, demək olar ki, Azərbaycanla Ermənistan sülh müqaviləsi imzalasa da, bu, regiona müvəqqəti sülh gətirəcək. Yəni sabah Ermənistanda hakimiyyət dəyişərsə və yenidən revanşist qüvvələr iqtidara gələrsə, işğala cəhd edilə bilər. Bunun olmayacağının zəmanətini heç kəs verə bilməz.

Hesab edirəm, sülh müqaviləsindən sonra Rusiya, Türkiyə, Ermənistan, Azərbaycan, hətta Gürcüstan və İranın da iştirakı ilə regional bir müqavilə imzalana bilər. Yəni necə ki Qars müqaviləsi Moskva müqaviləsini təsdiq edirdi, ikinci Qars müqaviləsi də Ermənistan-Azərbaycan sülh sazişini təsdiq edə bilər. Bu təklif yeni dövrün tələbləri ilə uyğundur və sülhün yüzillər boyu qalıcı olmasına xidmət edir”.

Turan Rzayev
Globalinfo.az