Məlum olduğu kimi, martın 27-dən etibarən Bakı və Abşeron yarımadasında müşahidə olunan intensiv yağışlar bir sıra fəsadlara yol açıb. Bu vəziyyət fonunda sosial şəbəkələrdə 44 il əvvəl paytaxtda güclü yağışla bağlı “Mozalan” kinojurnalının maraqlı süjeti yenidən gündəmə gətirilib.
Sözügedən videoda həmin dövrdə Bakıda leysan yağışların yaratdığı problemlər aydın şəkildə əks olunur. Süjetdə küçələrin su altında qalması, nəqliyyatın hərəkətində yaranan çətinliklər, eləcə də şəhərin infrastrukturundakı çatışmazlıqlar təsvir edilir. Maraqlıdır ki, paytaxtda 44 il əvvəl müşahidə olunan vəziyyət bu gün də təkrarlanır. Paralel olaraq, bir çox ölkələrin əsas şəhərlərində güclü yağışlar sel fəlakətləri ilə nəticələnib.
Böyük şəhərlərin yağışla bağlı zəif nöqtəsi niyə hələ də aradan qaldırılmır?
Globalinfo.az-a danışan nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, böyük şəhərlərdə yol və nəqliyyat infrastrukturu ilə yanaşı, su və kanalizasiya sistemləri də dəqiq planlaşdırılmalı və qorunmalıdır:
“Sovet dövründə yanaşma fərqli idi. Sovetlər Birliyi öz maraqlarını güdürdü. Hansı ölkənin inkişafı önəmli deyildi, əsas olan sərvət və talan imkanları idi. Bu səbəbdən MDB ölkələrində şəhər infrastrukturu – yol, nəqliyyat, su və kanalizasiya sistemi tam standartlara uyğun olmayıb. Ola bilsin ki, o dövrdə müəyyən iş görülüb, amma sonradan nəzarət edilməyib, təmir və cari baxım işləri unudulub. Bakı şəhərində də su-kanalizasiya sistemi uzun illər istismar olunsa da, qorunmayıb. Əsas məsələ vaxtında təmir və buna ayrılan vəsaitlərin düzgün istifadəsi olub, lakin nəticə göz qabağındadır”.
E.Muradlı əlavə edib ki, son dövrlərdə Prezidentin tapşırığı əsasında yol və nəqliyyat infrastrukturu ilə bağlı işlər görülür:
“Su və kanalizasiya sistemində əvvəllər dəfələrlə problemlər olub, komissiyalar yaradılıb, hələ ki ciddi dəyişiklik görünmür. İnsanlar bəzən ümidsiz yanaşır, amma fikrimcə, yeni yanaşmalar tətbiq olunsa, Bakını xilas etmək mümkündür. Lakin bu, böyük investisiya, zəhmət və illər tələb edir. Bunu qısa müddətdə tam həll etmək mümkün deyil”.
Zaira Akifqızı
Globalinfo.az