WhatsApp Image 2026 07 17 at 02.14.24

Alimlər Soyuq Müharibə dövründə SSRİ-nin nüvə silahı proqramı üçün uran çıxarılan Almaniyanın keçmiş Şlema-Alberoda uran mədənində diqqətçəkən kəşfə imza atıblar.

Globalinfo.az-ın xəbərinə görə, araşdırma zamanı müəyyən edilib ki, mədəndə yaşayan təbii bakteriyalar suda həll olmuş uranı daha sabit formaya çevirə bilir. Tədqiqata Almaniyanın Helmholtz-Zentrum Dresden-Rossendorf (HZDR) və İspaniyanın Qranada Universitetinin alimləri rəhbərlik edib. Nəticələr nüfuzlu Nature Communications jurnalında dərc olunub.

Alimlər laboratoriyada mədəndən götürülmüş su nümunələrini araşdıraraq bakteriyaların fəaliyyətini canlandırmaq üçün mühitə qliserin əlavə ediblər. Təxminən 130 gündən sonra suda həll olmuş uranın cəmi 5 faizinin qaldığı müşahidə olunub.

Mütəxəssislərin sözlərinə görə, bakteriyalar uranı hüceyrə divarlarında toplayaraq onu dəmir və oksigenlə birləşdirir və daha sabit birləşməyə çevirirlər. Bu proses uranın yeraltı sular vasitəsilə yayılmasının qarşısını ala və ətraf mühitə təsirini əhəmiyyətli dərəcədə azalda bilər.

Tədqiqatçılar bildirirlər ki, yaranan birləşmə onilliklər ərzində, hətta atmosfer oksigeninin təsiri altında belə sabit qalır. Bu kəşf gələcəkdə radioaktiv çirklənmiş ərazilərin bioloji üsullarla təmizlənməsi üçün yeni imkanlar yarada bilər.

Tahir Turan
Globalinfo.az

Paylaş: