Növbədənkənar prezident seçkilərini Zəfər seçkiləri də adlandırmaq olar.
Globalinfo.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin sədri Sahibə Qafarova deyib.
Sədr bildirib ki, dünən Prezident İlham Əliyev növbədənkənar prezident seçkilərinin keçirilməsi ilə bağlı sərəncam imzalayıb: ‘Keçiriləcək seçkilər yaranan yeni reallıqların təzahürüdür. Növbədənkənar prezident seçkilərini Zəfər seçkiləri də adlandırmaq olar. Ümummilli liderimizin ən böyük arzusu həyata keçirilib. İlk dəfə seçkilər Azərbaycanın bütün ərazilərində keçiriləcək. Ulu öndər tərəfindən təməli qoyulmuş inkişaf strategiyası yeni çağırışlarla davam etdirilir”.
Sahibə Qafarova qeyd edib ki, Prezident İlham Əliyevin milli və dövlətçilik maraqlarımızın qorunması və irəli aparılması ilə bağlı həyata keçirdiyi tədbirlər Azərbaycanı ən qüdrətli dövrünü yaşamasına səbəb olub: “Seçkilər bəzi hallarda təxirə salınır, bəzi hallarda isə vaxtından əvvəl keçirilir. Azərbaycanın Seçki Məcəlləsi növbədənkənar seçki ilə növbəti prezident seçkilərinin keçirilməsi üçün hər hansı prosedura ehtiyac yoxdur. Əminəm ki, xalqımız bu dəfə də Prezidentimizin yanında olacaq, o cümlədən Qarabağda, Şərqi Zəngəzurda aparılan quruculuq işlərini dəstəkləyəcək. Əminliklə söyləmək olar ki, gələn il fevralın 7-də şəffaf şəkildə keçiriləcək prezident seçkilərində xalqımız öz qərarını verəcək”.