“İman bəy, Səidə xanım və digərləri Vado Korovinin qərarı ilə deyil, öz istəkləri ilə işdən ayrılıblar”.
Bu sözləri Globalinfo.az-a açıqlamasında “Space” televiziyasına rəhbər təyin olunan Vado Korovinin köməkçisi Sərxan Qədimov deyib.
O bildirib ki, Səidə xanım Mədəniyyət Nazirliyindən gələn iş təklifini qəbul etdiyi üçün televiziya ilə yollarını ayırıb:
“İman Məcidov da öz istəyi ilə çıxıb işdən. İşçi var ki, 10 vəzifəni icra edirdi və bəzi səlahiyyətləri əlindən alındı deyə işdən ayrıldı. Sosial Media Menecerinə (SMM) isə ehtiyac yoxdur. Əgər bu gün sosial şəbəkələrdə paylaşımımıza 5-10 “bəyənmə” gəlirsə, bizim işçiyə nə ehtiyacımız var axı?!
Bir daha deyirəm, Vado bəy heç kimi işdən qovmayıb. Onun öz komandası olması ilə bağlı paylaşılan xəbər də tamamilə yanlışdır. Belə bir şey yoxdur!”
Qeyd edək ki, bir neçə gün öncə “Parni iz Baku” KVN komandasının aktyoru Vado Korovin “Space” Müstəqil Teleradio Şirkətinə direktor təyin olunub. Məlumata görə, V.Korovin direktor təyin olunduqdan sonra bir neçə şəxsi işdən azad edib.
Zaira Akifqızı
Globalinfo.az














