SON DƏQİQƏ: İran rejimi kütləvi qırğına başlayır: iğtişaşlar dayanmır, ölkə uçuruma gedir

“İranda kütləvi etirazların başlanmasından 3 aydan artıq vaxt keçir. İnsan haqları təşkilatları sentyabrın əvvəlindən başlanmış qarşıdurma zamanı artıq 506 nəfər dinc sakinin polis qüvvələri tərəfindən öldürülməsi barədə məlumat verir. Öldürülənlərdən 69 nəfəri həddi-buluğa çatmayanlardır. 652 nəfəri tələbə olmaqla 18457 nəfərin həbsxanalara atıldığı bildirilir. 39 nəfərə ölüm hökmü veriləcəyi və onların əvvəlki iki nəfər kimi nümayişkəranə şəkildə dar ağacından asılacağı gözlənilir”.

Bu sözləri politoloq Əlimusa İbrahimov Globalinfo.az-a bildirib.

“Amma bu barədə İran hüquq mühafizə orqanları heç bir məlumat vermir. Çünki öldürülən, həbs olunan və dar ağacından asılan dinc sakinlərin ictimailəşdirilməsi ölkə daxilində qarşıdurmanın daha da artması ilə nəticələnə bilər”, – o deyib.

Ekspert artıq nümayişlərin azaldığını bildirib:

“İbrahim Rəisi Xorasan vilayətində insanlar qarşısında çıxış edib və bu çıxışı zamanı xarici qüvvələrin İrana qarşı təşkil etdikləri növbəti təxribatların baş tutmadığını bildirib. İnsanlarla görüşü zamanı prezident nə baş verən hadisələrin miqyası, nə orada orada iştirak edənlərin sayı, rejim tərəfindən öldürülən yüzlərlə dinc sakin, hazırda həbsxanada saxlanan 15 mindən yuxarı gənc, nə də barələrində ölüm hökmü çıxarılan və hətta dar ağacından asılanlar haqqında məlumat verib. Prezident bütün dünya dövlətlərinin onlara lənət oxumasını da yada salmayıb. O, ölkəsindəki son iğtişaşların səbəbinin ağır iqtisadi vəziyyət və İranı saldıqları acınacaqlı durum olduğuna da toxunmayıb.

Rəisi sadəcə İran İslam İnqilabından üzü bu yana İranda baş verən irili-xırdalı nümayişlər, terror hadisələri, zəlzələ, daşqın, leysan zamanı təkrar etdikləri “düşmən barmağı” haqqında ifadələri təkrar edib. Sanki İran xalqının bu ifadələri iki-üç ildən bir eşitməyə ehtiyacı var. O, xarici düşmən faktorunu qabardaraq, İrandakı iğtişaşlarda barmağı olduğu iddia edilən “düşmənlərə” səslənib: “Millətimiz sizin yalanlarınıza aldanmaz… Sizin cəhdləriniz bu dəfə də uğursuz oldu”.

Ə.İbrahimovun sözlərinə görə, İran prezidenti xalqın xarici düşmənlərin fitnələrinə inanmadıqlarını söyləyib. Rəisi elə bilir ki, xalq onun dediklərinə inanır:

“Daha başa düşmür ki, 1979-cu ildən bəri onun kimi prezident kürsüsünə oturan bütün şəxslər və ömürlük dini lider yalnız bir cümlə üzərində ilişib qalıb: “Xaricdən olan qüvvələr və onların barmağı”. Elə hey bu ifadələri təkrar edirlər.

Əgər 40 ildə xarici qüvvələrin işlərinizə müdaxilə etməsinin qarşısını ala və yaxud sizə uzanan barmaqları kəsə bilmirsinizsə, deməli, yalan danışırsınız. Barmaq filan yoxdur. Bu barmaqlar hər dəfə sizi vəziyyətdən çıxaran əfsanə qəhrəmanınızdır, sevimli şairiniz Firdovsinin qəhrəmanları kimi. Bu barmaq həqiqətən mövcud olsaydı, çoxdan özünüzü zədələmişdi. İran dövləti uydurma düşmənlə mübarizə adı altında öz vətəndaşılarını öldürür.

Rəisi İrandakı iğtişaşların sona çatması barədə bəyanat verməkdə də tələsib. İranda iğtişaşlar hələ davam edir və insanlar meydanlardadır. Rejim isə iğtişaşların qarşısını almaq üçün ölüm hökmlərini icra etməyə başlayıb. Bu edamlar da insanları çəkindirməsə, yəqin kütləvi qırğınlar başlayacaq”.

Politoloq qeyd edib ki, Prezident İlham Əliyevin son aylar İran və orada yaşayan soydaşlarımız ilə bağlı səsləndirdiyi fikirlər ünvana çatması təsiri bağışlayır:

“Çünki İran siyasətçiləri, həm Xarici İşlər Nazirliyi xəttində çalışan, həm də başına çalma qoyub, əba geyən siyasətçilər lazımı dərs götürüblər. Son günlər Azərbaycana qarşı açıq təhdidlərin sayı müəyyən qədər azalıb və İranın “qırmızı xətti” haqqında xatırlamalar da yoxdur. Amma əksinə, onlar bütün gücü erməniləri müdafiə etməyə yönəldiblər və Laçında baş verən hadisələr fonunda onların vəkili kimi çıxış edirlər. Eyni zamanda Azərbaycanla dost və səmimi qonşu olmaları barədə mədhiyyələr də səslənir.

Bütün bunlar Azərbaycanın İrana qarşı olan münasibətini dəyişməyəcək. Azərbaycan öz xarici siyasəti kursuna uyğun hərəkət edəcək. Bu kurs İranla gərginliyin daha da artmasına gətirib çıxarsa belə.

Azərbaycan bundan sonra daha da ciddi şəkildə bütün dünyada yaşayan soydaşlarımızın, o cümlədən İranda yaşayan çoxmilyonlu azərbaycanlıların arxasındadır və onlara hər cür yarımı göstərəcək”.

Gülnar Səlimova
Globalinfo.az