Solovyovun ermənipərəst təəssübkeşliyi: “azərbaycanlı izi” axtarır

“Mətbuat Şurasının “Vladimir Solovyovun “Krokus Siti Holl” terrorunda Azərbaycan izlərini axtarmaq cəhdi onun ermənipərəst təəssübkeşliyindən qaynaqlanır” bildirilən bəyanatda rusiyalı jurnalistin cəmiyyəti yanlış yönləndirməklə məşğul olduğu bildirilib”.

Elxan Şahinoğlu

Globalinfo.az xəbər verir ki, bunu ekspert Elxan Şahinoğlu deyib.

Ekspert bildirib ki, Mətbuat Şurasının bəyanatında “Sputnik” agentliyinin rəhbəri Marqarita Simonyanın da Azərbaycana qarşı informasiya təxribatı apardığı və bu qrupun Rusiya mediasında kök salan erməni lobbisinin sifarişlərini yerinə yetirdiyi vurğulanıb:

“Solovyov və Simonyan erməni lobbisinin Azərbaycana qarşı sifarişini yerinə yetirirlərsə və bu cür hallar dayanmadan təkrarlanırsa, onları bu vəzifələrə təyin edənlər niyə həmin “jurnalistlərə” xəbərdarlıq etmirlər? Axı Kreml Azərbaycanı strateji tərəfdaş adlandırır. Deməli buradan iki nəticə hasil etmək olar, ya Kreml mediadakı ruporlarına nəzarət edə bilmir və Solovyov, Simonyan və digərləri erməni lobbisinin sifarişini yerinə yetirməklə “özfəaliyyətlə” məşğuldurlar, ya da Azərbaycanla terrorçular arasında əlaqə qurmaq təşəbbüsü yalnız erməni lobbisinin işi deyil, tapşırıq yuxarılardan gəlib. Misal üçün Rusiya Dövlət Dumasının sədr müavini və hakim partiyanın üzvü Pyotr Tolstoyun erməni lobbisinə bağlılığını iddia etmək mümkün olmasa da, bu şəxs də imkan düşən kimi Azərbaycana qarşı sərsəm fikirlər səsləndirir”.

Asif Nərimanlı

Siyasi şərhçi Asif Nərimanlı da qeyd edib ki, Solovyov “Krokus Siti Holl”dakı terror aktında “azərbaycanlı izi” axtarmağa başlayıb. Onun Azərbaycana münasibəti və hər fürsətdən istifadə etdiyi bəllidir, lakin indiki məqamda belə iddialar irəli sürməsi “iz azdırmağa” daha çox bənzəyir.

Terror hücumundan ermənilərin iştirakı haqda fikirlər səsləndirilir, hətta terrorçuların erməni dilində söyüş söydüyü ilə bağlı məlumatlar yayılıb. İstisna deyil ki, erməni şəbəkəsi bu informasiyaları arxa plana keçirmək və diqqəti ermənilərdən yayındırmaq məqsədilə Solovyovdan “azərbaycanlıların hədəf göstərilməsini” istəyib. Bu, həm də erməni şəbəkəsinin Bakı-Moskva xəttində çatların yaranması məqsədilə bütün fürsətlərdən istifadə etməsi planının davam etdirilməsidir.

Bu cür iddialar, “iz” axtarışını siyasi məqsədlərə yönəltmək Rusiyanın özünün də əleyhinədir, çünki həm ictimai rəy üzərində manipulyasiyalar edilir, həm də istintaqın gedişinə təsir edə bilər. Bu baxımdan rəsmi Moskva məsələyə müdaxilə etməlidir.

Görünür, Solovyovun Azərbaycandan növbəti dəfə üzr istəməsinin vaxtı yetişib. O, sonuncu dəfə hazırda Bakıda həbsdə olan separatçı David Babayanı efirə çıxardığı üçün Azərbaycandan üzr istəmişdi.