Skandaldan sonra ilk addım: dünyanın gözü bu görüşdədir – Nələr gözlənilir?

Çin Xalq Respublikasının (ÇXR) Sədri Si Szinpin və ABŞ Prezidenti Co Bayden arasında San-Fransiskoda baş tutacaq görüşdə bir çox məsələlərin müzakirəyə çıxması gözlənilir. 

Bəs iki dünya nəhəngi prezidentlərinin bir araya gəlməsi daha çox siyasi prosesdir, yoxsa iqtisadi?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan iqtisadçı-ekspert Natiq Cəfərli qeyd edib ki, görüşdə yalnız ticarət məsələləri deyil, həm də qlobal problemlərin həllində fikirlərin yaxınlaşdırılmasına cəhd ediləcək:

“Çinin Rusiyaya təsirlərinin çox güclü olduğunu nəzərə alsaq, Rusiya-Ukrayna müharibəsi ilə bağlı da rəsmi Pekinin hansısa formada iştirakçıya çevrilməsi müzakirə oluna bilər. Onu da qeyd edək ki, ABŞ və Çinin qarşılıqlı ticarət dövriyyəsi təxminən 1 trilyon dollara yaxındır. Dünyanın iki ən böyük iqtisadiyata malik ölkələrdir. Tərəflər arasında münasibətlərin normal olması, ticarətin yenidən canlandırılması dünya iqtisadiyyatına da müsbət təsir göstərə bilər.

ABŞ-ın açıqlamalarından belə məlum olur ki, görüşə yeni başlanğıc kimi baxmağa çalışacaqlar. Çinlə Birləşmiş Ştatlar arasında əsasən də Tayvan üzərindən olan fikir ayrılıqlarının aradan qaldırılmasına cəhd ediləcək”.

İqtisadçı-ekspert Elşən Bağırzadə də vurğulayıb ki, ABŞ və Çin arasındakı münasibətlər son illər artan gərginliklə davam edir:

“Tayvan skandalından sonra bu gərginliyin daha da artdığı və münasibətlərin qırılma həddinə çatdığını görməmək mümkün deyildir. Uzun müddətdir, ABŞ və Çin rəhbərlərinin birbaşa təması yox idi. Ancaq APEC toplantısı çərçivəsindəki görüş xüsusilə Asiya maliyyə bazarlarında müəyyən pozitiv havanın yaranmasına səbəb olub. Düşünürəm ki, görüş iqtisadi olmaqdan daha çox siyasidir. ABŞ da Çin ilə təmaslarının tamamilə qırılmasında maraqlı görünmür. Xüsusilə iki ölkənin hərbi strukturları arasında kommunikasiyanın yenidən bərpa edilməsində maraqlıdırlar. Görüşdə yəqin ki, bu da gündəmə gələcək. Fələstin, Ukrayna, Rusiya və Şimali Koreya məsələlərini də müzakirə edəcəkləri istisna deyil. Bir-birinə rəqib olan iki qlobal gücün aralarındakı təmasların tamamilə ortadan qaldırılması heç bir tərəfə xeyir gətirməz, dünya üçün də bu yaxşı heç nə vəd etmir. Ancaq görüşdən çox böyük gözləntilərin olması ilə razı deyiləm. Fikrimcə, ABŞ və Çin rəqabəti qarşıdakı illərdə daha da kəskinləşəcək və bir çox hallarda bu rəqabət Fələstin, Ukrayna krizləri kimi böhranlar ortaya çıxaracaq. Bu iki qlobal güc birbaşa qarşı-qarşıya gəlməsə də, vəkil gücləri vasitəsilə mübarizələrini davam etdirəcəklər. Bunu həm siyasi, həm iqtisadi, həm də hərbi müstəvilərdə görəcəyik”.

İqtisadçı-ekspert Eldəniz Əmirovun fikrincə, tərəflər arasında bu görüşün baş tutmasına daha çox Çinin ehtiyacı var:

“Rəsmi Vaşinqtonun bütün işləri A planına uyğun gedir. Çinin iqtisadiyyatının isə artım sürəti azalmağa başlayıb. Çin iqtisadiyyatı özünün maksimal ekstremum nöqtələrini yaşayır. Qarşıdakı dönəmdə də rəsmi Pekinin iqtisadiyyatı inkişaf edəcək. Lakin bunun ABŞ iqtisadiyyatını əvəzləməsi ilə bağlı deyilən nağıllar artıq bitib.

İki ölkə lideri arasındakı görüşün əsas məqsədi iqtisadi məsələlərdir. Ümumiyyətlə, bütün ölkələrin siyasi münasibətlərinin kökündə iqtisadi əlaqələr dayanır. İqtisadi maraqlar bu gün dünyanı idarə edir.

Bu iki ölkə arasında olan münasibətlərin əsas problem yeri iqtisadiyyatdır. Müəyyən istiqamətlərdən ABŞ Çinə uduzur, buna görə də siyasi, hərbi və digər metodlardan istifadə edərək Pekinə təzyiq edir.

Bu görüşdən sonra Rusiyanı çətin günlər gözləyir, çünki rəsmi Moskva getdikcə daha çox təklənir”.

Safura Bənnayeva
Globalinfo.az