Deyirlər 400 manat çoxdur, ağlı olan etməsin – Deputat

Deyirlər 400 manat çoxdur, ağlı olan etməsin - Deputat

Məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılmasına görə fiziki şəxslər 300 manat məbləğində, vəzifəli şəxslər 1000 manat məbləğində, hüquqi şəxslər isə 4000 manat məbləğində cərimə ediləcək.

Bu, ictimaiyyətdə narazılıq yaradıb. İnsanların fikrincə, yeri zibilləyən adamların cəriməsinin miqdarının küçəni təmizləyənlərin maaşından çox olması yanlış qərardır. Niyə cərimə maaşdan daha yüksəkdir?

Globalinfo.az-a danışan beynəlxalq idarəetmə sistemləri üzrə mütəxəssis, iqtisadçı Asif İbrahimov məsələyə fərqli yanaşıldığını qeyd edib.

Onun sözlərinə görə, mövcud məsələ ilə bağlı dünya praktikasında qanunvericiliyin tələblərində boşluqlar olduqda və ya qanuna əməl edilmədiyi hallarda cərimələrin artırılması nəzərdə tutulur:

“Faktiki olaraq Azərbaycanda əməkhaqqı sistemi fərqli, cərimə və cəzalandırmalar mexanizmləri isə fərqli meyarlarla qiymətləndirilir. Məsələyə yanaşma da fərqli prizmadan həyata keçirilir”.

Deputat Siyavuş Novruzov cərimənin dünyanın heç bir yerində əməkhaqqı ilə tənzimlənmədiyini bildirib:

“Cərimə törədilən əmələ görə müəyyən edilir. Adam öldürənin cəzası başqa olur, oğurluq edənin cəzası başqa. Bu baxımdan da belə müqayisə yersizdir. Məsələn, kimsə deyir ki, 400 manat cərimə çoxdur. Adama deyərlər, ağlı olsun, yerə zibil atmasın. Kimdənsə məcburi şəkildə pul alan var? Niyə zibili küçəyə, başqasının qapısına atmalıdırlar? Lap cərimə 400 yox, 2000 min manat da olsa, kimdənsə gəlib o pulu qanunsuz almayacaqlar. Hər kəs törətdiyi əmələ görə cavab verməlidir. Etmə, etdinsə, cəriməsini ödəyəcəksən!”

Zaira Akifqızı
Globalinfo.az