Sinan Oğan Ərdoğanı buna görə dəstəklədi: Aysberqin görünməyən tərəfi…

“ATA İttifaqı”nın namizədi Sinan Oğan gözlənildiyi kimi Rəcəb Tayyib Ərodoğana dəstək verəcəyini açıqlaqdı. Bu, seçkilərin ikinci turunun nəticəsinin indidən bəlli olması deməkdir. Ərdoğan qalib gəlməyə çox yaxındır”.

Bu sözləri Globalinfo.az-a politoloq Əlimusa İbrahimov Türkiyədə keçiriləcək prezident seçkisinin II turunda “ATA İttifaqı”nın namizədi Sinan Oğanın “Cümhur İttifaqı”nın namizədi Rəcəb Tayyib Ərdoğanı dəstəkləyəcəyini elan etməsini şərh edərkən deyib.

Onun sözlərinə görə, Ərdoğana qələbə üçün çox cüzi bir səs sayı lazımdır:

“Yəni o, faktiki olaraq səslərin böyük qismini onsuz da birinci turda əldə etdi. Lakin birinci turda qələbəni təmin edəcək həcmdə səsləri qazana bilmədiyi üçün seçkilər ikinci tura qaldı.
İkinci turda Sinan Oğanın verəcəyi qərar qalibi müəyyən edəcəkdi və o da seçimini “Cümhur İttifaqı”nın namizədi Rəcəb Tayyib Ərdoğandan yana etdi. Hesab edirəm, fors-major bir hal baş verməyəcəyi təqdirdə seçkilərin qalibi də məhz Rəcəb Tayyib Ərdoğan olacaq”.

Politoloq qeyd edib ki, Sinan Oğanın Rəcəb Tayyib Ərdoğanı dəstəkləməsi özünün də siyasi kariyerası baxımından olduqca vacibdir:

“Ərdoğan və “Cümhur İttifaqı” Kamal Kılıçdaroğlu və “Millət İttifaqı” qədər Sinan Oğanın dəstəyini arzulamırdı. Çünki Ərdoğan təbiətən uzaqgörən bir şəxsdir və o böhran vəziyyətini idarə etməyi, çıxış yolları tapmağı yaxşı bilir. Mümkündür ki, onun ikinci tur ilə bağlı alternativ planları vardı. Yəni Sinan Oğanın dəstəyi olsun, ya olmasın, Ərdoğanın planları vardı.

Diqqət etsəniz seçkilərin birinci turu sonrası nə Ərdoğan, nə də “Cümhur İttifaqı”ndan heç kəs Kılıçdaroğlu qədər təşvişə düşüb, bəyanatlar vermirdi. Bunu arxayınlıq da hesab etmək olar, alternativ planın olması kimi dəyərləndirmək mümkündür.

Əlimusa İbrahimov

Sinan Oğana vədlər verən Kılıçdaroğlu və “Millət İttifaqı” idi. Sinan Oğanın buna baxmayaraq Ərdoğanı dəstəkləməsinin əsas səbəbi onun HDP və terror təşkilatlarına olan kəskin mövqeyidir. Oğan heç bir halda HDP-nin “Millət İttifaqı”nda olması ilə barışmırdı. HDP olan yerdə Sinan Oğan da olmazdı. Oğan Türkiyəni separatçı, bölücü partiya və siyasi görüşlərdən təmizləmək istəyir. Bunun üçün də seçimini bu yolda ona ən böyük dəstək verə biləcək Ərdoğandan yana etdi”.

Turan Rzayev
Globalinfo.az