Ermənistan parlamentinin spikeri Alen Simonyanın ötən gün Cenevrədə sülh müqaviləsi ilə bağlı açıqlaması müzakirələrə səbəb olub. O, Bakı və İrəvanın sazişdəki 16 bənd üzrə tam razılığa gəldiyini bildirib.
İki gün öncə isə İsveçrədə səfərdə olan Azərbaycan parlamentinin sədri Sahibə Qafarova ermənistanlı həmkarı ilə görüşdən imtina etdi. Bakı daha əvvəl görüşə razı olmadığını qarşı tərəfə bildirmişdi.
Globalinfo.az-a danışan politoloq Fərhad Məmmədov deyib ki, Simonyanın sülh müqaviləsi ilə bağlı sözləri açıq-aşkar dezinformasiyadır:
“Biz artıq Ermənistanın Baş naziri Nikol Paşinyanla parlamentinin spikeri Alen Simonyanın kəskin təzadlı açıqlamalarına şahid oluruq. Əslində bu, İrəvan rəhbərliyin nə qədər qeyri-peşəkar olmasının göstəricisidir.
Paşinyan vaxtı ilə deyirdi ki, Qarabağda ermənilərə qarşı kütləvi qırğın törədilməyib. Lakin ölkənin xarici işlər naziri Ararat Mirzoyan bu bəyanatdan bir neçə saat sonra Təhlükəsizlik Şurasının iclasında baş nazirin açıqlamasına əks fikir səsləndirdi. Yəni əslində indi də həmin situasiya ilə üzləşirik. Dəyişən heç nə yoxdur”.

Fərhad Məmmədov
Politoloqun sözlərinə görə, İrəvan rəsmilərinin səslədirdiyi fikirlər bir-birinə uyğun gəlmir:
“Ermənistan həm baş nazir, həm XİN rəhbəri, həm də parlament spikeri səviyyəsində sülhdə maraqlı olduğunu bəyan edir. Sanki həqiqətən sülh sazişi imzalamaq istəyirlər. Lakin reallıq başqadır, fərqli arqumentlər irəli sürən erməni rəsmiləri sadəcə dezinformasiya yaymaqla məşğuldurlar.
Alen Simonyanın dediklərini Paşinyan artıq təkzib edib. Azərbaycana gəldikdə isə deyə bilərəm ki, bizə yarımçıq sülh lazım deyil”.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanla sülh müqaviləsinin 80 faizinin razılaşdırıldığını, lakin mübahisəli və təsdiqə ehtiyacı olan məqamların qaldığını açıqlamışdı.
Turan Rzayev
Globalinfo.az














