Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə İran haqda kəskin bəyanat verib.
A.Paşazadə vurğulayıb ki, İranda 40 milyona yaxın azərbaycanlı yaşayır:
“Onlar bu gün fars rejiminin əlində əsirdirlər. İnanıram ki, həqiqət gələcəkdə öz yerini tapacaq. Bu gün biz İrandan şəhid aldıq. Hansı ki, onu qardaş hesab edirdik. Biz indi bilirik ki, onlar bizim yox, Ermənistanın qardaşıdır. Prezident İlham Əliyev dediyi kimi, baş verənlər terror aktıdır. Məsələ dəqiqliyinə kimi incələnməli və dünya həqiqətin nə olduğunu bilməlidir”.
QMİ sədrinin bu bəyanatı ictimaiyyət arasında ciddi müzakirəyə səbəb olub. Hər zaman İranla münasibətləri yüksək olan Allahşükür Paşazadə İranla Azərbaycan arasında, bir növ, yumşaldıcı rol oynayıb. İndi isə Azərbaycanın mənafeyi hər kəsdən aydın mövqe tələb edir. Şeyxin bu mövqeyi Azərbaycanda İrana bağlı qruplar arasında ona qarşı təzyiq kampaniyasına, mexanizmə səbəb ola bilərmi?
Politoloq Samir Hümbətov Globalinfo.az-a bildirib ki, Şeyxin bu açıqlamasında səmimi olduğuna inanmır:
“44 günlük müharibədən sonra Şeyx bir açıqlamasında qeyd edirdi ki, guya Xamenei həzrətlərinin fətvası ilə Qarabağ işğaldan azad olunub. Bundan sonra, açığı, onun fikirləri o qədər də inandırıcı gəlmir. Şeyxin bu və ya digər formada İranla ciddi bağları olduğu məlumdur. Yəni mümkün deyil ki, bu günə qədər İrana bu qədər bağlı olan bir şəxs birdən-birə oradakı dini elitadan qopa bilsin.
İran özünə bağlı olan nüfuzlu şəxslərin özündən uzaqlaşmasına imkan verməz. O baxımdan, düşünürəm ki, bu, bir az publikaya və insanları sakitləşdirməyə hesablanmış açıqlamadır”.
Politoloq qeyd edib ki, bu günə qədər 30 illik müstəqillik dövründə Şeyx bir dəfə olsun “fars rejimi” və “40 milyon azərbaycanlı” ifadələrini işlətməyib:
“İndi belə bir açıqlama verirsə, bu, əslində, Azərbaycan cəmiyyətinin təzyiqindən, qınamalarından, ona olan münasibətindən ehtiyatlanaraq səsləndirilən fikir ola bilər. Mümkündür ki, hardasa səmimiyyəti də var və artıq molla rejiminin iç üzünü görüb, dəyişsin. Lakin Şeyxin son 30 ildə tutduğu dəyişkən mövqe dediklərinin səmimiliyinə inanmağa imkan vermir.
Samir Hümbətov
İranla bağları olduğu ehtimal olunan bəzi din xadimləri var ki, bu gün hələ də iş başındadırlar. Bunun nə dərəcədə doğru olub-olmadığını artıq təhlükəsizlik orqanları müəyyənləşdirir. Necə ki, dünən və ondan öncəki gün əməliyyat keçirərək 46 nəfəri saxlayıblar. Onların İranın agentura şəbəkəsi ilə bağlı olduğu məsələ gündəmdədir. O baxımdan Şeyxin də səmimi fikir bildirməsini inandırıcı hesab etmirəm. Siyasətdə hər şey ola bilər, gizli danışıq, yaxud sövdələşmə mümkündür. Bəlkə həqiqətən də belə gərginlik var. Ən doğrusunu Allah, sonra isə dövlət bilir. Təhlükəsizlik orqanları apardıqları araşdırma ilə həqiqəti ortaya çıxara bilərlər”.
Gülnar Səlimova
Globalinfo.az














