
Banqladeş ordusunun qərargah rəisi general Vaqar-uz-Zaman Baş nazir Şeyx Hasinanın ölkədən qaçdığını təsdiqləyib.
Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə qərargah rəisi xalqa müraciətində deyib.
O bildirib ki, müvəqqəti hökumət qurulacaq.
Qərargah rəisi bütün ölüm hallarının araşdırılacağını deyib və xalqı orduya etimad göstərməyə çağırıb. O, vətəndaşları sülhü və asayişi qorumağa, zorakılıqdan çəkinməyə və ölkənin rifahını qorumaq üçün birlikdə çalışmağa çağırış edib.
Qeyd edək ki, yerli media Baş nazir Şeyx Hasinanın öz bacısı ilə birgə hərbi helikopterlə Hindistana qaçdığı barədə məlumat yayıb.
Etirazçılar Baş nazirini iqamətgahını ələ keçirib.
Xatırladaq ki, Banqladeşdə nümayişlər ötən aydan tələbələrin hökumət işləri üçün kvota sisteminə son qoymağa çalışması ilə başlayıb, lakin polis və hökumətyönlü fəallarla qarşıdurmalar 300-dək insanın ölümünə səbəb olan zorakılığa çevrilib.
Qeyd edək ki, Baş nazir xanım Şeyx Hasina 2009-cu ildən hökumətə rəhbərlik edirdi.
***14:21
Banqladeşin Baş naziri Şeyx Hasina hökumət əleyhinə etirazların güclənməsi nəticəsində istefa verib.
Globalinfo.az xəbər verir ki, Banqladeş ordusu məlumatı təsdiqləyib.
Onun istefa verdikdən sonra ölkədən qaçma görüntüləri yayılıb.
Şeyx Hasinanın helikopterlə Hindistana getdiyi bildirilir.
***
Minlərlə etirazçı Baş nazirin iqamətgahına hücum edib. Sosial şəbəkələrdə bunu əks etdirən görüntülər yayılıb.
***
Hindistanın sərhəd təhlükəsizlik qüvvələri Banqladeşlə sərhəddə iğtişaşlar fonunda həyəcan səviyyəsini artırıb.
Xatırladaq ki, ölkədə həftələrdir davam edən etiraz və nümayişlər avqustun 4-ü “Ayrıseçkiliyə qarşı Tələbə Hərəkatı” təşkilatının hakimiyyətlə əməkdaşlıqdan imtina etməsindən sonra daha da güclənərək iğtişaşlara çevrilib. Toqquşmalar nəticəsində ölənlərin sayı azı 300 nəfərə çatıb.
Etirazlara səbəb isə dövlət qurumlarında vəzifələrin 30 faizinin Banqladeşin müstəqilliyi uğrunda 1971-ci ildə aparılmış müharibənin veteranlarının qohumlarına verilməsinə dair aşağı instansiya məhkəməsinin qərarı olub. Banqladeş Ali Məhkəməsi aşağı instansiya məhkəməsinin qərarını ləğv edib, bu kvota 7 faizə endirilib.














