Sərkisyanın kitabı bağlanıb, “Artsax” səhifəsi açmaq istəyir

Ermənistanın keçmiş prezidenti Serj Sərkisyan “Mənim üçün “Artsax” səhifəsi bağlanmayıb” bəyanatını yenidən dilə gətirib. 

Bəzi İrəvan rəsmiləri ilə yanaşı Sərkisyan da Qarabağ məsələsinin hələ yekunlaşmadığını iddia edir. Hətta bir sıra şəxslər ermənilər arasında müharibə çağırışları edir, insanları Azərbaycana qarşı döyüşə səsləyir. Lakin onların bu təşəbbüsləri cavabsız qalır. Sərkisyanın da sözügedən bəyanatı erməni ictimaiyyətində birmənalı qarşılanmayıb.

Bəs Ermənistanın sabiq prezidenti bu qədər olanlardan sonra bu bəyanatı verməklə sadəcə özünə və separatçılara təsəlli verir, yoxsa yeni təşkilatlanmanın siqnalı kimi anlaşılır?

Mövzunu Globalinfo.az-a şərh edən politoloq Samir Hümbətov Sərkisyanın bu açıqlamasının arxasında başqa məqsədin olduğunu bildirib:

“Serj Sərkisyanın “Mənim üçün “artsax” səhifəsi bağlanmayıb” ifadəsi birmənalı olaraq daxili publikaya hesablanıb. Bu çıxış eyni zamanda beynəlxalq güclərin diqqətinin yenidən bura çəkmək məqsədi də daşıyır. Sərkisyan deyir ki, Nikol Paşinyan hökuməti prosesi dayandırmaq istəsə, təslim olmağa çalışsa da, biz Qarabağ mövzusunda geri addım atmaq istəmirik. Əslində bu, Paşinyanın ətrafından uzaqlaşacaq kütlənin Sərkisyanın özünün tərəfinə çəkməsinə hesablanmış bir fikir kimi də dəyərləndirilə bilər”.

Samir Hümbətov

Politoloq bəzi qüvvələrin bu kimi şəxslərin əli ilə regionda qeyri-stabil vəziyyəti davam etdirməyə çalışdığını deyib:

“Həm Serj Sərkisyan, həm Robert Köçəryan, həm də hələ ki, Azərbaycan tərəfindən saxlanılmayan digər şəxslərin bu cür bəyanatları Ermənistan daxilində ultramillətçi, revanşist qüvvələrin hələ də qalmasından da xəbər verir. Düşünürəm ki, Fransanın son zamanlarda Ermənistana silah, sursat verəcəyinə dair açıqlamaları ilə Sərkisyanın bu bəyanatının üst-üstə düşməsi təsadüfi deyil. Görünür ki, burada erməni lobbisinin dəstəyini almağa çalışırlar.

Aydın məsələdir ki, erməni lobbisi hər il bu kimi şəxslərə və təşkilatlara milyonlarla dollar həcmində maliyyə axını həyata keçirir. Burada əsas məqsəd isə qeyri-stabil vəziyyətin davam etdirilməsidir. Bağlanmış “artsax” anlayışını yenidən canlandırmaq cəhdlərində hədəf budur”.

Ayşən Mustafa
Globalinfo.az